Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin yekunlarına dair illik hesabatı dinlənilib.
Hökumətin hesabatını baş nazir Artur Rasizadə təqdim edib. O deyib ki, son 4 ildə ümumi daxili məhsul 2,3 dəfə, əhalinin gəlirləri 2,5, orta aylıq əməkhaqqı 2,8, büdcə gəlirləri 4,9 dəfə artıb. “Ötən il ÜDM-in həcmi 25,2 milyard manata çatıb. Hesabat dövründə orta aylıq əməkhaqqı 42 faiz, əmək pensiyalarının məbləği 76 faiz artıb: «Əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə orta aylıq əməkhaqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqqları, əmək pensiyalarının baza hissəsi, məcburi köçkünlərə ödənilən aylıq müavinətlərin miqdarı 50 faizə qədər artırılıb».
Baş nazir onu da xatırladıb ki, ötən il aztəmantlı ailələr üçün ehtiyac meyarı 3 manatdan 40 manata qaldırılıb və nəticədə 78 mindən çox ailə ünvanlı sosial yardımla əhatə olunub. Bu zaman hər bir ailəyə düşən yardım 80 manat təşkil edib.
Hökumət başçısı inflyasiya həddinin 16,7 faizə çatmasının hökuməti narahat etdiyini deyib. O, inflyasiyanın bu səviyyəyə yüksəlməsini dünyada gedən iqtisadi proseslər - xam neft, ərzaq və digər məhsulların qiymətinin artması ilə əlaqələndirib.
A.Rasizadə hesabat ilində yanacaq-energetika kompleksinin yüksək templə inkişafının təmin edildiyini deyib: «Bakı-Tbilisi -Ərzurum qaz kəmərinin tikintisi başa çatıdırılaraq istifadəyə verilib. ARDNŞ təbii qazın hasilatının artırılması istiqamətində əhəmiyyətli işlər görüb. Bununla da ölkənin təbii qazdan asılılığı aradan qaldırılb və hətta idxalına da başlanılıb».
Baş nazirin sözlərinə görə, 2007-ci ildə ərzaq təhlükəsizliyi məsələsi ön plana çəkilib: «Ötən il dövlət büdcəsindən kənd təsərrüfatının inkişafına 80 milyon manat ayrılıb. Nəqliyyat sektorunda əhəmiyyətli işlər görülüb, yük və sərnişindaşımada artım müşahidə edilib».
A.Rasizadə deyib ki, son dörd ildə müdafiə xərcləri 6 dəfə artıb: «Ölkənin hərbi potensialının yüksəldilməsi, silah-sursat təchizatının yaxşılaşdırılması istiqamətində də iri həcmli işlər görülüb. Müdafiə Sənayesi Nazirliynin təşəkkülü üçün tədbirlər həyata keçirilib».
Müxalifətdə olan deputat Pənah Hüseyn isə deputatları hökumətə etimad göstərməməyə çağırıb. “Hökumət istefa verməlidir. Nazirlərə isə şərait yaratmaq lazımdır ki, gedib bizneslə məşğul olsunlar».
O hökuməti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə etməmkdə günahlandırıb. Cənab Pənah hesab edir ki, 2007-ci ildə yoxsulluların sayı artıb, inflyasiya rəsmi rəqəmlərdən çoxdur.
Deputat Əli Məsim Azərbaycanın inflyasiyanın səviyyəsinə görə Tacikistandan geri qaldığını vurğulayıb: «Bizə təqdim olunan 287 səhifəlik hesabatda isə inflyasiyaya cəmi yarım səhifə yer ayrılıb».