Accessibility links

Azərbaycan humanitar təşkilatlar üçün xoş ölkədir


Bu gün BMT Baş Məclisi tərəfindən elan olunmuş ilk Dünya Humanitar günüdür.
BMT-nin baş katibi Pan Gi Munun Humanitar günü münasibəti ilə müraciətində deyilir ki, bu, bizim harada olmasından asılı olmayaraq zəif, fağır və hüquqlardan məhrum edilmiş insanlara yardım etmək üçün götürdüyümüz öhdəliyi yenidən nəzərdən keçirdiyimiz bir gündür. “Bu, humanitar cəmiyyətin davamlı missiyasıdır”.
Baş katibi hesab edir ki, bu həm də BMT-nin qəhrəman humanitar heyətinin əməyinə ən yüksək qiymətin verildiyi bir gündür. “Bu tarix BMT-nin Bağdaddakı qərargahına hücum nəticəsində böyük ictimai xadim, özünü insanlara xidmətə həsr etmiş Serxio Vyera de Mellon ilə birlikdə öz işinə sadiq 22 qadın və kişinin ölümü ilə nəticələnən hadisənin ildönümünün qeyd edilməsidir. Biz onların irsindən ilham almağa davam edirik və irəliyə addımlamaqda qərarlıyıq”.
Azərbaycanda son 18 ildə çoxsaylı humanitar təşkilatlar fəaliyyət göstərib. Dünya ictimaiyyətinin humanitar yardımları yüz minlərlə insanın həyatında mühüm rol oynayıb. Beynəlxalq humanitar təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox insana, o cümlədən müharibə qurbanlarına yardım edib. Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan humanitar təşkilatlar üçün xoş ölkədir. Belə ki, həm Azərbaycan xalqı, həm də Azərbaycan hakimiyyəti humanitar təşkilatlarla mehriban münasibətdə olub. “İndiyədək Azərbaycanda hər hansı humanitar təşkilat, onun əməkdaşı fiziki və ya mənəvi təzyiqə məruz qalmayıb. Humanitar təşkilatlar həm xalqla, həm də hökumətlə birbaşa münasibətlər qurub”.
Ekspertin dediyinə görə, artıq Azərbaycan humanitar yardımlardan iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. “İndi Azərbaycan hökuməti və xalqı fəlakətlə üz-üzə olan xalqlara yardım əli uzadır”.
Bununla yanaşı, cənab Həsənov bəzi dini fəaliyyətlə məşğul olan və ya kilsələrin təsis etdiyi humanitar təşkilatların Azərbaycan tərəfindən qəbul edilmədiyini bildirib.




XS
SM
MD
LG