Accessibility links

Azərbaycanda insan haqlarının durumu beynəlxalq təşkilatların diqqət mərkəzindədir 


Dünyada beynəlxalq insan haqları günü qeyd olunur. Azərbaycanın hüquq müdafiəçiləri bu günü bayram kimi deyil, ölkədə çoxsalı hüquq pozuntuları məngənəsindən çıxmağın yollarını aramaq günü kimi qeyd edir. Bakıda keçirilən «Avropa Birliyi və Avropa Şurasının insan haqları üzrə siyasəti: Avrointeqrasiya proseslərində Azərbaycanın perspektivləri" mövzusunda beynəlxalq konfransda insan haqları sahəsindəki problemlər gündəmdə olub. Forumda Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, ABŞ səfiri Enn Dörsi, İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanova, Avropa Şurasının, Avropa Birliyinin Bakıdakı nümayəndəliklərinin rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar iştirak edib. Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva bildirib ki, konfransın məqsədi ölkədə pozulmaqda olan insan haqlarının həlli yollarını axtarmaqdır. Onun fikirincə, Azərbaycanda söz azadlığının vəziyyəti ağırdır. Avropa Şurasının Azərbaycan üzrə nümayəndəsi Denis Bribosiya Avropa Şurasının baş katibi Terri Devisin "Azadlıq" radiosunun Naxçıvandakı müxbiri İlqar Nəsibovun həbsi ilə bağlı narahatlığını diqqətə çatdırıb. Baş katib Azərbaycan hökumətindən jurnalistin həbsinə aydınlıq gətirilməsini istəyir. Cənab Bribosiyanın sözlərinə görə, Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti daim Avropa Şurasını narahat edir. Nümayndə Azərbycanın seçki qanunvericiliyi ilə bağlı götürdüyü öhdəliklərdən də danışıb. "Öhdəliyə görə beynəlxalq ekspertlərin köməyi ilə qanunvericiliyə dəyişikliklər edilməlidir. "Seçki Məcəlləsi"nə dəyişikliklərlə bağlı müzakirələr AŞ Venesiya komissiyasının tövsiyəsi ilə aparılır və seçki komissiyalarının tərkibi formalaşdırılmalıdır. Vəkillər Assosiasiyası məsələsi nəzərdə keçirilməli, alternativ hərbi xidmət, azlıqlarla bağlı məsələlərə baxılmalıdır. Hakimlərin seçkisi, məhkəmə-hüquq islahatları, məhbuslar, xüsusilə siyasi məhbus kimi tanınanlar, söz və ifadə azadlığı, milli televiziyanın ictimai televiziyaya keçirilməsi ilə bağlı öhdəliklər tam yerinə yetirilməyib. Doğrudur milli televiziya ləğv olunmadı, ancaq ictimai televiziya fəaliyyət başladı". "Avropa Evi"nin koordinatoru İnqrid Qossinqer 2008-ci ildə Avropa Birliyinin Azərbaycanda qeyri-hökumət və vətəndaş cəmiyyətlərinin iştirak edəcəyi yeni yardım proqramının icrasına başlanacağını deyib. Onun sözlrəinə görə, 2 milyon yevro olacaq yardım proqramı mülki cəmiyyətin inkişafına yönəlib. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Azərbaycanda insan haqları və söz azadlığı sahəsində ciddi problemlərin olduğunu deyib. ABŞ səfiri Enn Dörsi ABŞ-ın NATO üzvü kimi Avropa və Avroatlantik məkanda demokratik dəyərlərin inkişafında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, NATO sadəcə hərbi ittifaq deyil, demokratik dəyərləri, fərdi azadlıqları, qanunun aliliyini qoruyan dövlətlər birliyidir. Azərbaycan isə bu dəyərləri öz milli siyasətində NATO, ATƏT, Avropa Birliyi, AŞ və əlbəttə ABŞ-la əlaqələrində də qəbul edib. Xanım Dörsi Azərbaycanın mürəkkəb və çətin olan bir regionda uğur qazanmaq istəyən gənc dövlət olduğunu diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycanın mürəkkəb geostrateji mövqeyi onun demokratiyanın inkişafı və Avroatlantik məkana inteqrasiya üçün siyasi və iqtisadi islahatları tez həyata keçirməsini daha da vacib edir. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova ölkədə insan hüquqları sahəsində inkişaf və problemlərdən danışıb. O məhkumların və ömürlük cəzaçəkənlərin saxlanması, işgəncələrin olması, Ermənistanın təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyon insanın vəziyyətinin narahatlıq doğuran əsas məsələlərdən olduğunu xüsusi vurğulayıb. Ombudsman jurnalistlərin həbsi ilə bağlı problemin aradan qaldırılmasına çalışdığını da bildirib. Öz növbəsində Azərbaycan hökuməti insan haqları sahəsində uğurlu inkişafa nail olduğunu bəyan edir. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ölkədə insan azadlıqları və mətbuat azadlığı sahəsində problemlərin olmadığını bəyan edib. Hüquq müdafiəçiləri isə insanların siyasi, sosial, iqtisadi və mülkiyyət hüquqlarının hər addımbaşı pozulduğunu bildirir.
XS
SM
MD
LG