Azərbaycan Avropa insan haqları
konvensiyasına daxil olduqdan sonra ölkədən Avropa İnsan Haqları məhkəməsinə
1600 şikayət daxil olub. Hazırda gündəlikdə mindən çox şikayət var. Bu barədə
Avropa İnsan Haqları Məhkəməsinin hakimi Xanlar Hacıyev “Amerikanın səsi”
radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, insan haqları məhkəməsi indiyədək
Azərbaycanla bağlı 13 qərar qəbul edib. "Hazırda ilk növbədə qırxa yaxın
iş baxılmaq üçün gündəlikdədir. Bu işlər üzrə yaxın zamanda qərarlar qəbul
edilə bilər".
Cənab Hacıyev bildirib ki, indiyədək qəbul edilən
qərarlar ədalətli məhkəmə araşdırma hüququ, yığıncaq və toplaşmaq azadlığı,
məhkəmə qərarlarının icra olunmaması, əmlak mübahisəsi, seçki prosesi ilə
bağlıdır.
O hesab edir ki, Azərbaycan Avropa Məhkəməsinin
qərarlarının əksəriyyətini yerinə yetirib. "Ancaq məlumatıma görə,
işgəncələrin qadağan olunması ilə bağlı qərarın yerinə yetirilməsində
problemlər mövcuddur. İnanıram ki, bu problem də aradan qaldırılacaq. Öhdəliyə
görə, ölkə həm də işgəncə doğuran faktın aradan qaldırılması üçün istintaq
aparmalıdır və işgəncəyə yol vermiş şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Məsuliyyət deyəndə, dövlət öz mülahizəsinə görə hərəkət edə bilər. Ancaq dövlət
nümayiş etdirməlidir ki, o, özü könüllü şəkildə pozulmuş hüququn bərpasını
istəyir. Dövlət həm də nümayiş etdirməlidir ki, gələcəkdə bu hərəkətlərə yol verilməyəcək.
Bu dövlətin özü üçün çox vacibdir".
Hakim Azərbaycandan söz və mətbuat azadlığı ilə bağlı
da Avropa İnsan Haqları Məhkəməsinə bir neçə şikayət daxil olduğunu bildirib.
"Hazırda bu məsələlərin bir neçəsi gündəlikdədir".