Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət və hökumət başçılarının IX zirvə toplantısı keçirilib. Sammitin gündəliyinə ticarət-iqtisadi, maliyyə, energetika, ticarət sahəsində regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə məsələləri daxildir.
Tədbirdə Azərbaycan prezidentir İlham Əliyev, Əfqanıstan prezidenti Həmid Karzay, İran prezidenti Mahmud Əhmədinejad, Türkiyə, Paksistan, Qazaxıstan, Tacikistan,Qırğızıstanın baş nazirləri, Özbəkistan parlamentinin spikeri və Türkmənistan prezidentinin Xəzər məsələsi üzrə nümayəndəsi iştirak edib.
Sammitə sədrlik edən Azərbaycan prezidenti İlham Əliyev İƏT çərçivəsində hərtərəfli əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. O, üzv dövlətlər arasında konkret layihələrin reallaşmasının vacibliyini qeyd edib.
Cənab Əliyev üzv ölkələrin həssas regionda yerləşdiyini nəzərə alaraq enerji təhlükəsizliyinin təminatı məsələlərinə xüsusi diqqət ayırıb. Onun fikrincə, beynəlxalq terrorizm, münaqişələrin nizamlanmaması sabitliyə təhlükə yaradır, regional layihələrin inkişafına əngəl törədir. Qarabağ münaqişəsinə toxunan dövlət başçısı deyib ki, problem ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
O sammitin yekunları ilə bağlı mətbuat konfransında İƏT-nin Şimali Kipr Türk Cümhuriyyətinin izolyasiyadan çıxması məsələsindəki roluna da toxunub.
İran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatını qloballaşma və ikiqütblü dünya diktatına qarşı addımlar atmağa çağırıb. İran prezidenti hesab edir ki, qloballaşma nəinki keçid dövrü ölkələrinin inkişafı üçün imkanlar açır, həm də onların yüksək texnologiyalardan istifadəsinin qarşısını alır.«İran Məşhəd şəhərində atom enerjisindən dinc məqsədlə istifadə üçün uranı zənginləşdirməyə başladıqdan sonra xarici təzyiqlərlə üzləşib. Bu gün mən bir daha nüvə proqramının dinc xarakter daşıdığını bəyan edirəm və qeyd etmək istəyirəm ki, təcavüzkar ölkələrin əsassız ittihamları bizi inkişaf yolundan döndərə bilməz. Biz İran xalqını öz hüquqlarından məhrum etmək istəyən əleyhdarlarını psixoloji müharibədə və nüvə aparteidində ittiham edir. İran MAQATE ilə əməkdaşlığa hazırdır».
İran prezidenti Cənub ölkələrini resurslarını birləşdirməyə çağırıb. «İnkişafda olan ölkələr İƏT tipli təşkilatlarda birləşməli və bir-birlərinə kömək etməlidir. Belə mövqe Cənub ölkələrinin rolunu möhkəmləndirər, önəmini artırar. Çoxsaylı əhali və intellektual resurslara malik İƏT dünyanın ən mühüm enerji mərkəzlərindən biri kimi ciddi regional layihələrin reallaşması nəticəsində uğurlu dövlətlərarası quruma çevrilə bilər"- deyə cənab Əhmədinejad bildirib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, enerji ehtiyatları və onların nəqli imkanları regionun önəmini və üzv ölkələrin imkanlarını artırır. «Lakin regional əməkdaşlıq və qlobal layihələr real, praqmatik siyasətdə mümkündür. Avrasiyanın önəmi Avropaya enerji dəhlizlərini təmin etmək, əmədaşlığa və mədəni əlaqələrə yeni dinamika verməkdən ibarətdir. Bu planda İƏT mühüm rol oynaya bilər. Eyni zamanda, iqtisadi əməkdaşlıq hökumətlərarası əlaqələrlə məhdudlaşmamalıdır. Özəl sektorun iştirakı olmadan iqtisadi irəliləyişə nail olmaq mümkün deyil».
Baş nazir ticarət əlaqələri yolundakı maneələrin aradan qaldırılmasını, bazarların inteqrasiyasını, iqtisadiyyatın liberallaşmasını, özəlləşdirməni əsas prioritet sayır. «Bu planda tranzit daşınmalar haqqında saziş mühüm rol oynayacaq».
Cənab Ərdoğan İƏT-nı Əfqanıstanda Karzay hökumətinin səylərini dəstəkləməyə çağırıb və Ankaranın Karzay rejiminə maliyyə yardımı göstərmək niyyətini açıqlayıb.