Accessibility links

Azərbaycan prezidenti İranda rəsmi səfərdədir


Prezident İlham Əliyev İranda rəsmi səfərdədir. Azərbaycan və İran prezidenti əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüş keçirib.

Danışıqlarda ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İran ilə Azərbaycanın müxtəlif bölgələri, o cümlədən Naxçıvanla əlaqələrin inkişaf etdiyi, iqtisadiyyat və energetika sahəsində həyata keçirilən konkret layihələrin əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan prezidenti İlham Əliyev səfərinin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib. “İmzalanacaq sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını daha da genişləndirəcək”-deyə dövlət başçısı qeyd edib.

Danışıqların yekunu olaraq vergi, iqtisadiyyat və ticarət, mədəni irs, Milli Kitabxanalar arasında əməkdaşlıq statistika, poçt məsələlərini əhatə edən sənədlər imzalanıb.

Politoloqlar iki qonşu dövlət arasında münasibətlərin inkişafını, yüksək səviyyəli qarşılıqlı səfərləri müsbət qiymətləndirir. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə hesab edir ki, qonşu dövlətlər arasında mehriban münasibətlər çox vacibdir.

Politoloq imzalanan sənədlərin də vacibliyini qeyd edib. Onun fikrincə, sənədlər Azərbaycanın müttəfiqləri ilə münasibətlərinə hər hansı təsir etməyəcək.

Cənab Quluzadə hesab edir ki, Azərbaycan prezidentinin İrana səfəri regionun təhlükəsizliyi ilə bağlı deyil. Onun fikrincə, regionda təhlükəsizlik məsələləri daha çox sülh əhval ruhiyyəsinin yaranması ilə bağlıdır.

XS
SM
MD
LG