Accessibility links

Azərbaycan İraqdakı sülhməramlılarını geri çağırır


Prezident İlham Əliyev Azərbaycanın sülhməramlılarının İraqdan geri çağırılması ilə bağlı Milli Məclisə müraciət edib. Bu gün sənəd parlamentin Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasında müzakirə edilib. Yaxın günlərdə isə parlamentin plenar iclasında müzakirə ediləcək. Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Zahid Oruc “Amerikanın səsi” radiosuna bildirib ki, qoşunların geri çağırılmasına səbəb BMT-nin verdiyi 5 illik mandatın başa çatmasıdır.

Deputat sülhməramlıların geri çağırılmasının siyasi səbəbləri barədə də danışıb. O düşünür ki, bu daha çox ABŞ-ın yeni prezidentinin İraqdan qoşunların çıxarılacağı barədə bəyanatı ilə bağlı ola bilər. Çünki artıq Polşa və Qazaxıstan da mandat müddəti başa çatdıqdan sonra sülhməramlılarını İraqdan çıxarıb.

Cənab Oruc bəzi ekspertlərin sülhməramlıların geri çağırılmasının Rusiya-Azərbaycan münasibətlərində yaxınlaşma, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə gizli sövdələşmənin nəticəsi olması ilə bağlı fikirlərini qəbul etmir. Onun dediyinə görə, Azərbaycanın şəffaf xarici siyasət kursu var və bu kurs hər hansı sövdələşməni rədd edir.

Müstəqil politoloq Rasim Musabəyov da sülhməramlıların İraqdan çıxarılmasını ABŞ-ın yeni prezidenti Barak Obamanın bəyanatı ilə bağlı olduğuna əmindir. Onun sözlərinə görə, İngiltərə də bu addımı atmağa yaxındır.

Politoloq hesab edir ki, sülhməramlı kontingentin İraqdan çıxarılmasını Azərbaycanın sülhyaratma əməliyyatlarından, beynəlxalq terrorizmə qarşı mübarizədən geri çəkilməsi kimi yozmaq olmaq. Azərbaycan bundan sonra da zərurət hiss edildikdə sülhməramlılarının beynəlxalq əməliyyatlarda iştirakına razılıq verəcək.

Yeri gəlmişkən bildirim ki, Azərbaycanın 150 sülhməramlısı 2003-cü ildən İraqa fəaliyyət göstərir. Azərbaycanın sülhməramlı kontingenti Amerika qoşunlarının tərkibində İraqın Əl-Ənbar vilayətində su anbarını və İraq ərazisinin 30 faizini elektrik enerjisi ilə təmin edən SES-i mühafizə edir.

XS
SM
MD
LG