Accessibility links

Azərbaycan bazarında istehlakçı hüququ


Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Ağentliyinin dəstəyi və İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə İqtisadi inkişaf naziri, ABŞ-ın Azərbaycandakı səfiri, Kənd təsərrüfatı, səhiyyə nazirliklərinin təmsilçiləri, deputatlar, sahibkarlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib. İqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, istehlakçıların hüquqlarının qorunması hökumətin diqqətində olan prioritet məsələdir. Bu sahədə problemlərin aşkarlanması, münasibətlərin nizamlanması üçün hüquqi baza mövcuddur. Onun sözlərinə görə, dövlət nəzarəti xidməti çoxsaylı keyfiyyətsiz məhsullar satışdan çıxarılıb. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, hökumət şirkətlərdən istehsal edilən malların keyfiyyətinə dair məlumatları toplamaqla, bu işdə mühüm rol oynaya bilər. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqda ixrac etdiyi mallar, bu malların keyfiyyəti beynəlxalq standartlara uyğun olmalıdır. Səfirin sözlərinə görə, istehlakçıların hüquqlarının qorunmasında müstəqil media vacib bir elementdir. İstehlak Bazarına Nəzarət üzrə dövlət xidmətinin rəisi Xaliq Məmmədov bildirib ki, monitrorinq və yoxlamalara baxmayaraq hələ də bazarda keyfiyyətsiz məhsullar qalmaqdadır. Öz növbəsində, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Kərimov Azərbaycanda bazarda çoxsaylı təhlükəli mal və xidmətin olduğunu bildirib. Onun fikrincə, inhisarçılıq aradan qaldırılmadan və hökumətin istehlakçı hüququ ilə bağlı siyasəti formalaşdırılmadan ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil. İqtisadçı ekspertlər də bazarda kifayət qədər çox təhlükəli mal və xidmətlərin qaldığını bildirir. “Turan” agentliyinin eksperti Hafiz Babalının sözlərinə görə, malların keyfiyyət sertifikatı ya olmur, ya da istehlakçıya təqdim edilmir. O həmçinin antisanitariya hallarının olmasını da diqqətə çatdırıb.
XS
SM
MD
LG