Accessibility links

Avropa İttifaqı Azərbaycan qazının idxalında çox maraqlıdır


Azərbaycanın xarici şirkətlərlə ilk neft müqaviləsi (Əsrin müqaviləsi) imzalamasının 15 illiyinə həsr edilmiş iki günlük “Xəzərin qaz infrastrukturu 2009” beynəlxalq konfrans açılıb.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, 1994 - cü ildə Əsrin müqaviləsi imzalanandan neft-qaz hasilatının inkişafına 37 mlrd dollar xarici investisiya qoyulub. “Nəticədə Azərbaycan neft və qaz hasilatını əhəmiyyətli dərəcədə artırıb və 15 ildə 308 milyon ton neft hasil edilib.
ARDNŞ prezidenti bildirib ki, xarici şirkətlərin Azərbaycanın neft-qaz layihələrində iştirakı nəticəsində ARDNŞ müasir texnologiyaların zəngin təcrübəsini mənimsəyib. “Bu ildən Dövlət Neft Şirkəti müstəqil şəkildə iri qaz ehtiyatları aşkarlanan dərin sulu “Ümid” strukturun işlənməsinə başlayıb”.
ARDNŞ prezidenti ölkədə qaz hasilatı ilə bağlı məlumatları da səsləndirib. Onun sözlərinə görə, 2005-ci ildə 5 mlrd kubmetr qaz hasil edilibsə, 2008-ci ildə bu göstərici 28 mlrd kubmetrə çatıb.
O, geoloqların hesablamalarına görə, Xəzərin Azərbaycan hissəsində neft ekvivalentinin 5 trln geoloji ehtiyatının cəmləşdiyini bildirib.
Konfransda energetika məsələləri üzrə Avropa komissarı Andris Pielbalqs “Xəzər qazı Avropanın uzun müddətli enerji təhlükəsizliyinin açarı kimi” mövzusnda çıxış edib.
ExxonMobil-in qanunvericilik və hüquq məsələlərinə dair qlobal bazarların meneceri Vilson Kruk “Qlobal qaz bazarının islahatları və onun Xəzər regionuna təsiri”, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin birinci müavini Ləzzat Kiinov “Xəzər və Qafqaz regionunda siyasət məsələləri” mövzusunda çıxış edib. Sonra “Xəzər qazının ixracına imkan yaradan hökumətlərarası əməkdaşlıq” mövzusunda disskusiyalar keçirilib.
Konfrans çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Avropa İttifaqının enerji komissarı Andris Piebalqs arasında görüş olub. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Nabucco kəməri, regional təhlükəsizlik, Şahdəniz yatağının ikinci fazasının işlənməsi, Azərbaycanla Türkiyə arasında qazın kommersiya qiymətləri ilə bağlı aparılan danışıqlar ətrafında suallara cavab verilib.
Avropa İttifaqının enerji komissarı bildirib ki, Avropa İttifaqı Nabucco layihəsinin reallaşması üzərində ciddi iş aparır. "Avropa İttifaqı Azərbaycandan qaz ixracında çox maraqlıdır. Hazırda siyasi qərarlar olsa da iştirakçılar arasında kommersiya danışıqları olacaq. Layihənin kommersiya məsələləri həll edildikdən sonra layihənin reallaşdırılmasına başlanacaq"
Andris Piebalqs Avropa İttifaqının Qafqaz regionu ilə fəal işlədiyini bildirib və regionda reallaşmaqda olan layihələrdən danışıb. "Avropa İttifaqı bu layihələrə 1,5 milyard avro qrant ayırıb".
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycan qazın bazarlara çıxarılmasında diversifikasiyanın tərəfdarıdır. "Azərbaycan öz qazını daha səmərəli kommersiya qiymətləri ilə satmaq istəyir. Biz hazırda Avropaya qaz ixracı məsələlərinə baxırıq. Azərbaycan Nabucco layihəsi ilə yanaşı digər kəmərlərlə bağlı məsələlərə də baxır. Biz Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik kəmərləri üzərində də işləyirik".
Cənab Abdullayevin dediyinə görə, Şahdənizin ikinci fazasının işlənməsi üçün 20-22 milyard dollar investisiya tələb olunur. "Bu səbəbdən də Azərbaycan daha səmərəli kommersiya sazişləri imzalamağa çalışır".
Avropa İttifaqının komissarı suallara cavabda hazırda Azərbaycanla Türkiyə arasında qazın qiymətləri və tranziti ilə bağlı danışıqlara da toxunub. Onun fikrincə, bu sahədə hazırda danışıqlar davam etdirilir. "Avropa İttifaqı Xəzər qazının Türkiyə vasitəsi ilə daşınmasında maraqlıdır. Bu sahədə siyasi iradə var. Ancaq kommersiya qiymətləri ilə bağlı razılıq əldə edilməzsə başqa marşrutlar barədə də düşünəcəyik". Andris Piebalqs “Amerikanın səsi” radiosunun qazın daşınması və regionun siyasi təhlükəsizliyi ilə bağlı sualının cavabında deyib ki, Avropa İttifaqı Qafqaza sabit region kimi baxır. "Qafqaz regionu Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Biz Mərkəzi Asiyaya doğru getmək istəyirik. Qafqaz regionunda layihələrimizi reallaşdıracağıq və nəticələri pozitiv olacağına inanırıq. Xəzərin hüquqi statusu həll edilməsə də Avropa İttifaqının fikrincə, Qafqaz sabit regiondur".
Komissar Türkmənistanın Nabucco layihəsində iştirak barədə özünün qərar verməsini lazım bilir. "Türkmənistan qazı indi də Avropaya gəlir. Ancaq milliyyətini dəyişərək, Rusiya qazı kimi nəql edilir. Türkmənistan Nabucco layihəsində iştirakla bağlı özü qərar verməlidir", deyə o qeyd edib.
O Nabucco-nun Ermənistan ərazisindən keçməsi ilə bağlı hər hansı danışığın mövcud olmadığını bildirib.
Nabucco-nun maliyyələşdirilməsi məsələsinə toxunan komissar deyib ki, Avropa İttifaqı məsələyə kompleks baxır. ""Bazar var. Kommersiya və tranzit məsələləri həll edildikdən sonra Avropa Yenidənqurma bankı investisiya üçün kredit ayıracaq".

XS
SM
MD
LG