Accessibility links

Azərbaycanda həbs olunmuş jurnalistlərdən biri rüşvətdə, digəri isə böhtanda suçlu bilinir


Hüquq mühafizə orqanlarının "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun iyulun 24-də həyata keçirdiyi həbsinin operativ video çəkilişi bu gün dövlət televiziyasının xəbərlər proqramında nümayiş etdirilib. Göstərilən süjetdə ilk öncə jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rizvan Əliyevin iş otağında söhbət edir. İkinci süjetdə isə restoranda masa arxasında Rizvan Əliyev Müşfiq Hüseynova pul verir.

Çəkilişdə görünür ki, cənab Əliyev cənab Hüseynova 3500 dollar verir, lakin pulun konkret nəyə görə verildiyi aydın olmur. Vəkil Vüqar Xasayev «Amerikanın səsi» radiosuna bildirib ki, həbsdə olan insanın əleyhinə yönəlmiş çəkilişin efirə verilməsi ciddi hüquq pozuntusudur. Vəkil həmçinin göstərilən videoçəkilişin belə rüşvət faktını təsdiq etmədiyini deyib. Onun sözlərinə görə, videgörüntünün çoxsaylı montaj olunduğu da aşkar hiss edilir.

Böhtan, şərəf və ləyaqətin alçaldılması ittihamı ilə həbsdə olan "Nota Bene" qəzetinin müxbiri Fərəməz Novruzoğlu isə iyulun 20-dən həbsxanada ağzını tikərək başladığı aclıq aksiyasını davam etdirir. Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov «Amerikanın səsi» radiosuna bildirib ki, jurnalist həkim nəzarətindədir, səhhəti normaldır. "O su içir və yalnız qidadan imtina edir".

"Beynəlxalq hüquq təşkilatlarını, xarici ölkələrin səfirliklərini, hüquq müdafiəçilərini, Ombudsmanı, İşgəncə Əlyehinə Komitəni artıq13-cü gün quru aclıq keçirən jurnalistlə görüşməyə çağırıram. Cənab Novruzoğlunun səhhəti ağırlaşıb, həyatı üçün təhlükə yarana bilər". Bu bəyanatla isə "Nota Bene" qəzetinin təsisçisi İlham Tumas çıxış edib. Cənab Tumas jurnalistin tələblərindən birinin dünən yerinə yetirildiyini, ona müstəqil və müxalif qəzetlərin verildiyini deyib. "Jurnalist ona məqalə yazmaq üçün şərait yaradılmasını, müşahidəçilərin iştirakı ilə təkrar məhkəmə keçirilməsini, yerli və beynəlxalq hüquq müdafiəçiləri ilə görüşməyi və İsrail diplomatının ona baş çəkməsini tələb edir". Cənab Novruzoğlunun həyat yoldaşı Tahirə xanım dünən onunla görüşüb. O, həyat yoldaşınqın səhhətinin ağır olduğunu deyir. Jurnalistin ailəsinin dolanışığı da çox ağırdır. Tahirə xanım ailədə heç kimin işləmədyini bildirir.

XS
SM
MD
LG