Onlarla jurnalist, hüquq müdafiəçisi və ictimai xadim Sabir bağında mətbuat azadlığı şüarı ilə piket keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb, xəsarət alan olmayıb.
Hüquq müdafiəçiləri dinc piketin zorla dağıdılmasını pisləyib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da təzyiqlərlə üzləşib. O insanların fundamental azadlıqılarının pozulmasından narahatdır.
«Qanun» jurnalının redaktoru Şahbaz Xüdüoğlu Bakı şəhər icra hakimiyyətinin insanlara dinc toplaşmaq üçün icazə verməməsindən məhkəməyə şikayət etməyi vacib sayır. Onun sözlərinə görə, icazə verilməsə belə etiraz aksiyaları davam etdirəcək.
Pitketdən sonra Helsinki Vətəndaş Assambleyasının ofisində müzakirələr davam etdirilib. Jurnalislər növbəti aksiyanı ağızlarını lentlərlə bağlayaraq keçirmək fikrindədir. Müzakirələrdə bəzi qərb dövlətlərinin və aparıcı neft şirkətlərinin Azərbaycanda demokratiya və söz azadlığını dəstəkləmədiyi diqqətə çatdırılıb. Tanınmış ictimai xadim Hikmət Hacizadə «neft xarici şirkətlər və hökumət üçün, demokratiya və söz azadlığı xalq üçün» şüarı ilə etirazlar keçirmək təklifini irəli sürüb.
Piketin qətnaməsində də mətbuata və jurnalistlərə təzyiqlərə son qoyluması tələb edilir.