Accessibility links

Bakıda terrorçuluqda şübhəli bilinənlərin məhkəməsi başlayıb


Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi məhkəməsində hakim İslam Neymanovun sədrliyi ilə terrorçuluqda ittiham edilən qrupun işi üzrə hazırlıq iclası başlayıb.

Müttəhimlər kürsüsündə Azərbaycan Silahlı Qüvvələrinin keçmiş zabiti Kamran Əsədov və digər 15 nəfər əyləşib. Onlara Cinayət Məcəlləsinin tamahkarlıq məqsədilə xüsusi amansızlıqla adam öldürməyə cəhd, quldurluq, terrorçuluq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq maddələri ilə ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, qrup üzvləri radikal vəhhabilik tərəfdarlarıdır. Keçmiş zabit Əsədov ötən il oktyabrın 24-də qulluq etdiyi hərbi hissədən qaçıb və özü ilə 4 avtomat, pulemyot, 20 qumbara və çox sayda patron götürüb.

Oğurlanmış silah-sursatın bir hissəsi Bakının 170 kilometr şimal-şərqində gizlədilib, bundan sonra qrup üzvləri Amerika və Böyük Britaniyanın Bakıdakı səfirliklərinə qarşı terror aktı törətmək üçün Bakıya gəlib. Lakin qrup üzvlərinin bir neçəsi ötən il oktyabrın 27-də saxlanılıb. Bu zaman silahlı müqavimət göstərən qrup üzvlərindən biri həlak olub.

Həmin il noyabrın 9-da qrupun aparıcı simalarından olan zabit Kamran Əsədov saxlanılıb. Ondan iki “Kalaşnikov” avtomatı və 120 patron müsadirə edilib. Dindirilmə zamanı qrup üzvləri "LUKoil" şirkətinin yanacaqdoldurma məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror aktı hazırladıqlarını təsdiq edib.

Bu gün keçirilən hazırlıq iclasında isə, cənab Əsədov da daxil olmaqla, bir qrup müttəhim vəkildən imtina ediblər. Keçmiş zabit “mənim vəkilim allahdır”- deyə qeyd edib.


XS
SM
MD
LG