Accessibility links

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycandakı proqramlarına  18 milyon dollar sərf edəcək


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə yaradılmış Şüvəlandakı "Uşaqlara və ailələrə dəstək" mərkəzində 3 mindən çox uşaq müxtəlif mövzularda kurslar keçib. Beynəlxalq İnkişaf Agentliyi Mingəçevir və Goranboy şəhərlərində də belə mərkəzlər açıb. Ümumilikdə isə ölkədə 5 min uşaq bu mərkəzlərdə kurslar keçib. Azərbaycanda səfərdə olan Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya ölkələri üzrə adminstrator müavini Ken Yamaşita bu gün Şüvəlandakı mərkəzdə uşaq proqramlarına yardımın artırılacağını bildirib. O "Amerikanın səsi" radiosuna müsahibəsində deyib ki, proqramlar cəmiyyətin kifayət qədər zəif təbəqəsinə aid olan ailələrin uşaqlarını əhatə edir. "Təbii ki, bu uşaqlar öz hüquqlarını müdafiə edə bilmir. Bu səbəbdən də mərkəzlər uşaqlara qayğı göstərir, onların bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır".

Cənab Yamaşita Azərbaycanın müxtəlif rayonlarına səfər edib, insanların maraq göstərdiyi sahələri öyrənib. "Təbii ki, maraqlar müzakirə edilib, müxtəlif sahələr üzrə proqramlar hazırlanacaq. Biz də istəyirik ki, uşaqlara qayğı göstərilsin. Eyni zamanda, icmalar arasında rəqabət xarakterli layihələrə kömək edəcəyik. Azərbaycan çox gözəl iqtisadi vəziyyətdədir. Zəngin nefti var. Bu Azərbaycana əsas verir ki, nəinki ölkə daxilində, həm də dünyada öz nüfuzunu göstərsin. Biz yeni imkanlarımızı da nəzərdən keçirəcəyik".

Onun sözlərinə görə, beynəlxalq İnkişaf Agentliyinin MDB məkanında proqramları əsasən azad iqtisadiyyat və demokratiyanın inkişafa yönəlib. "Məqsədimiz odur ki, bu bölgələrdə güclü iqtisadiyyatı olan demokratik dövlət institutları yaransın. Azərbaycanda biz iqtisadi inkişafı daha da gücləndirmək və hakimiyyətin iqtisadiyyatı daha inkişaf etdirmək proqramlarına dəstəkləyirik" .

Direktor müavini İnkişaf Agentliyinin Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı da layihələr həyata keçirəcəyini deyib. "Azərbaycan öhdəlik götürüb ki, azad və demokratik seçkilər keçirsin. Biz bu sahədə də dəstəyimizi göstərəcəyik".

O Beynəlxalq inkişaf agentliyinin əsas prioritetlərindən birinin hökumətlərin götürdüyü öhdəliklərin yerinə yetirməsinə və inkişafa dəstək vermək olduğunu xatırladıb. "Təhsil və səhiyyə sahələrinə də investisiyalar yönəldirik. Bu da iqtisadi inkişaf üçün geniş imkanlar yaradır. Demokratiyanın inkişafını dəstəkləyirik. Hər bir ölkə üzrə spesifik layihələrimiz də var".

Cənab Yamaşita 2008-ci ildə Azərbaycanda həyata keçiriləcək proqramlara 16-18 mln. dollar məbləğində dəstək göstəriləcəyini deyib. "Bu vəsaitin 6-7 mln. dolları demokratiyanın inkişafına yönəldiləcək. Bura insanların demokratik proseslərdə iştirakına kömək proqramları da daxildir".

XS
SM
MD
LG