Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azad Dalğalar: Azərbaycanda teleyayım üzrə monitorinq və demokratik islahatlar təşəbbüsü” layihəsinin təqdimatını keçirib. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. 2009-cu ilin martından 2011-ci ilin yanvarınadək RATİ, Media Hüquqları İnstitutu, Hollandiya Jurnalistika Məktəbi və MEMO-98 (Slovakiya) təşkilatları ilə birgə həyata keçiriləcək.
Adları sadalanan təşkilatlar 22 ay ərzində Azərbaycanda teleradio yayımı üzrə qanunvericilik bazasını qiymətləndirəcək, TV proqramlarının monitorinqini aparacaq, teleradio qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına kömək edəcək, bu sahədə beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilmə vəziyyətini öyrənəcək, demokratik islahatlarla bağlı tövsiyələr hazırlayacaq və teleradio yayımı ilə bağlı təmənnasız hüquqi yardım göstərəcək.
RATİ-nin direktoru Emin Hüseynli bildirib ki, layihə çərçivəsində Azərbaycanda dörd yerli və bir beynəlxalq səviyyəli konfrans keçiriləcək. “Layihənin əsas məqsədi mətbuat azadlığı və teleyayım mediasında söz azadlığını möhkəmləndirməkdir”.
Onun dediyinə görə, mayın 1-dən ölkədə fəaliyyət göstərən 8 televiziyanın monitorinqi başlanıb.
“Media Hüquqları” İnstitutunun direktoru Rəşid Hacılı hazırkı qanunvericilikdəki boşluqlardan danışıb. Onun fikrincə, qanunvericilikdə lisenziyalaşdırılma məsələsi konkret deyil, tezliklərin tenderi ilə bağlı müddəalar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır, teleradio sahəsində sahibkarlıq məsələsi şəffaf deyil, monopoliya yaradılmaması əksini tapmayıb, kabel televiziyası və peyk yayımı ilə bağlı normalar dəqiqləşdirilməlidir, bu sahəyə xarici investisiyalara yol açılmalıdır
Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi İctimai Birliyi isə Milli Teleradio Şurasını boş qalan teleradio tezlikləri ilə bağlı tender elan etmədiyi üçün 1 saylı Bakı İqtisad Məhkəməsinə verib.
Birliyin prezidenti Elnur Məmməd bildirib ki, məhkəmə prosesi iyunun 16-na təyin edilib.
Bununla yanaşı, MTRŞ daha bir məhkəmə prosesi də gözləyir.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli deyib ki, bu dəfə MTRŞ-i vətəndaş cəmiyyətləri qrupu məhkəməyə verəcək. “Qanunvericiliyə görə, MTRŞ teleradio tezliklərinin xəritəsini saytında yerləşdirməlidir. Ancaq indiyədək bu xəritə saytda yerləşdirilməyib. MTRŞ qanunvericiliyi pozduğuna görə, vətəndaş cəmiyyəti institutları məhkəmədə iddia qaldıracaq”, - deyə o qeyd edib.
Cənab Hüseynli hesab edir ki, ölkədə mövcud teleradio tezliklərinin 80 faizi hazırda boşdur.