Bu il ABŞ Dövlət katibinin Beynəlxalq qadın şücaəti üzrə təsis etdiyi yeni mükafata Azərbaycanın Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu layiq görülüb. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi cəmiyyətin ofisinə gələrək mükafatı təqdim edib.
Səfir bildirib ki, xanım Cəfəroğlu son 20 ildə insan hüquqlarının müdafiəsi və demokratiyanın təbliğatı sahəsində müstəsna cəsurluq nümayiş etdirib. Onun sözlərinə görə, qadınların sosial, siyasi və iqtisadi bərabərliyi uğrunda aparılan fədakar mübarizədə Novella Cəfəroğlunun xidmətləri şəksizdir.
Novella Cəfəroğlu mükafata görə dövlət katbininə və ABŞ administrasiyasına minnətdarlıq bildirib. Onun fikrincə, dövlət katibinin mükafatı Azərbaycan qadınının demokratiya uğrunda mübarizəsinə dəstək kimi başa düşülməlidir.
Xanım Cəfəroğlu Azərbaycanda hüquq-müdafiəçilərinin əməyinin hökumət tərəfindən qiymətləndirilməməsinə təəssüf edib.Onun sözlərinə görə, hüquq-müdafiəçiləri illər böyudur ki, ölkədə insan hüquqları uğrunda mübarizəni çətin şəraitdə aparır.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə cəmiyyəti Qafqazda sülh uğrunda da müxtəlif layihələr həyata kençirir. Xanım Cəfəroğlunun fikrincə, sülh və stabil dünya məhz qadınlara lazımdır.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdaifə Cəmiyyəti 1989-cu ildə Azərobaycan mili-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəin ideyası və dəstəyi ilə yaradılıb. Cəmiyyətin ilk sədri Dilarə Əliyeva 1991-ci ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının rayon komitəsinə məxsus avtmobildə müəmalı şəkildə qəzaya düşərək həlak olub.