Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a rəsmi səfəri martın 20-23-də həyata keçiriləcək. Cənab Məmmədyarov «Amerikanın səsi» radiosuna bildirib ki, onun dövlət katibi Kondoliza Raysla görüşü martın 22-də keçiriləcək. Səfər çərçivəsində Məmmədyarov həmçinin Vaşinqtonda bir neçə başqa görüş də keçirəcək. Səfər Kondoliza Raysın rəsmi dəvətilə həyata keçiriləcək. Yerli ekpertlər hesab edir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, terrorizmə qarşı mübarizə, regiondakı ictimai-siyasi durum müzakirə ediləcək. Azərbaycan xarici işlər nazirinin həmçinin ABŞ Dövlət katibinin demokratiya və insan hüquqları üzrə müavini Barri Lovenkroun (Barry Lowenkron) ilə də görüşü gözlənilir.