ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin sədri Robert Veksler Azərbaycanda səfərdədir. O bu gün müxalifətdə olan siyasi partiya rəhbərləri, xarici işlər nazirinin və Milli Məclisin sədrinin müavinləri ilə görüşüb.
Cənab Veksler prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Görüşdə Amerika ilə Azərbaycanın yaxın strateji tərəfdaşlığına və əlaqələrin bütün sahələrdə dinamik inkişafına toxunulub.
Azərbaycan prezidenti Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.
Müxalifət liderləri ilə görüşdə isə ölkədəki mövcud ictimai-siyasi durum və prezident seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. "Azərbaycan Naminə" Forumun prezidenti Eldar Namazov «Amerikanın səsi» radiosuna bildirib ki, müzakirələrin əsasını mətbuat azadlığı və seçki məsələləri təşkil edib.
Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə Xarici İşlər Nazirinin müavini Araz Əzimovla ABŞ konqresmenin görüşündə, siyasi və təhlükəsizlik sahəsində dialoqla yanaşı, enerji sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.