Accessibility links

NATO yeni konsepsiya ilə bağlı müzakirələr keçirib


Bakıda NATO-nun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə "Müdafiə siyasəti və strategiyası" mövzusunda konfrans açılıb. Konfransda NATO-nun yeni strategiyasının konsepsiyası ətrafında müzakirələr aparılıb.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov sensasiya sayıla biləcək bəzi mühüm bəyanatlar verib. Xüsusən, NATO-ya tərəfdaş ölkələr üçün təhlükəsizlik zəmanətlərinin artırılmasının tərəfdarı olduğunu bildirib. “Təhlükəsizlik zəmanətləri müttəfiq dövlətlərlə yanaşı, tərəfdaş dövlətlərə də verilməlidir”, deyə Əzimov bildirib. Onun sözlərinə görə, NATO-ya üzv və tərəfdaş ölkələr üçün bərabər imkanlar olmalıdır.
Nazir müavini dünyada baş verən son böhranlar nəzərə alınmaqla, Alyansın strateji konsepsiyasının işlənməsini vacib hesab edir. “Elə sistem yaradılmalıdır ki, birgə məqsədlər olarsa, praktiki təhlükəsizlik zəmanətləri yaratsın. Konseptual səmərəliliyi 2008-ci il böhranı bir daha irəli çəkdi”, deyə Əzimov qeyd edib.
NATO baş katibinin xarici siyasət və planlaşdırma üzrə köməkçisi Jiri Sedivi qeyd edib ki, yeni konsepsiyanın qəbulu açıq və hamının iştikrakını təmin edən proses olmalıdır.
NATO 60 il əvvəl yaradılıb. Birinci strategiya 1991-ci ildə qəbul edilib və buraya dialoq, ərazilərin müdafiəsi, böhranların idarə edilməsi və transformasiya daxildir. Bu strategiyadan sonra SSRİ süquta uğradı, Yuqoslafiya zorakı deformasiya olundu.
İkinci strategiya 1999-cu ildə işləndi. Bu isə Varşava Paktı üzvləri və NATO-nun keçmiş düşmənləri arasında davamlılıq və tarazlığa təkan verdi Və NATO-nun fundamental təhlükəsizliyini əks etdirdi.
Cənab Sedivi hesab edir ki, yeni işlənəcək strategiya kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, enerji mənbələrinin təhlükəsizliyi, böhranların birgə idarə edilməsi, tərəfdaşlıq əlaqələrinin nəzərdən keçirməlidir. Şimali Amerika - Avropa münasibətlərinə yenidən baxılmalıdır. Böhranlara kompleks yanaşılmalı, kollektiv təhlükəsizlik və kollektiv müdafiə qurulmalıdır.
Sual-cavab zamanı Araz Əzimov NATO-nu Taliban hərəkatı ilə dialoqa çağırıb. “Əfqanıstanda problemləri hərbi yolla həll etmək olmaz, Talibanla dialoq olmalıdır. Hazırda orada qarışıqlıqdır və müvəffəqiyyət yoxdur. Biz səhvləri təkrarlamalı və siyasi dialoqu artırmalıyıq”, - deyə o bildirib.
Nazir müavini hesab edir ki, Pakistanın Əfqanıstanla 2600 kilometrlik sərhəddinə nəzarət edilmir. Qərb koalisiyası qüvvələrinin əməliyyatlarının planlaşdırılması üzrə tədbirlər görülməlidir.
Sonra Əzimov Gürcüstanda avqust böhranı ilə bağlı maraqlı bəyanatla çıxış edib. Onun fikrincə, avqust böhranı zamanı NATO-nun məsləhətləri “yetərli olmayıb”. “Təəssüf ki, bu məsləhətlər çağırışlara müvafiq olaraq yetərli deyildi. Hərbi qüvvələr yaxşı hazırlanmamışdı. Onlar sülh fəaliyyətli idi. Müxtəlif hissələr arasında operativ əlaqələr zəif idi. Biz bu böhrandan dərs götürməliyik”, - deyə Əzimov bildirib.
A.Əzimov Fərdi Tərəfdaşlıq Sazişinin də Gürcüstanda yaranan böhran üçün yetərli olmadığını diqqətə çatdırıb. “Gürcüstan kömək, praktiki addım gözləyirdi. Ancaq NATO Baş katibi hadisələrdən sonra bəyanatla çıxış etdi. Amma bunun da bir köməyi olmadı. NATO ən azı qabaqcadan hərbi əməliyyatlara başlamamaq barədə xəbərdarlıq edə bilərdi. Avqust böhranının ibrətləri tərəfdaşlar tərəfindən birgə öyrənilməlidir. Məhz bu səbəbdən də Tərəfdaşlıq sənədinə yenidən baxılmalıdır”, deyə Əzimov bəyan edib

XS
SM
MD
LG