Accessibility links

Azərbaycanda Konstitusiyaya dəyişiklik üzrə referendumun nəticələri açıqlanıb



Mərkəzi Seçki Komissiyası Konstitusiyaya düzəlişlər üzrə 18 mart referendumunun rəsmi yekunlarını açıqlayıb. MSK katibi Natiq Məmmədov bildirib ki, səsvermədə 3,5 mln seçici, yəni seçicilərin 70,83%-i iştirak edib. Konstitusiyanın 29 maddəsinə təklif edilmiş 41 əlavə və dəyişikliyin hamısı 87%-dən 92%-ə qədər səs çoxluğu ilə qəbul edilib. Ən çox səs eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin ləğvinin lehinə verilib. Müxalifətin ciddi narazılığına səbəb olan bu bəndin lehinə 91,76% seçici səs verib.
MSK sədri Məzahir Pənahov seçkilərin demokratik, azad və şəffaf keçirildiyini bildirib. Onun sözlərinə görə, hətta müxalifətin verdiyi 180 müraciət üzrə də, bir dənə belə qanun pozuntusu aşkar etmək mümkün olmayıb.
Yekun protokolu MSK-nın 16 üzvündən 14-ü imzalayıb. Protokolu imzalamayanlardan biri «Ümid» partiyasından namizədliyi irəli sürülmüş MSK üzvü Akif Qurbanovdur. O hesab edir ki, referenduma hazırlıq və səsvermə prosesində çoxsaylı qanun pozuntusu baş verib.
Cənab Qurbanovu şikayətlərə baxılma mexanizmi də qane etmir. O seçki prosesində texniki səhvin belə müəyyən edilməməsini rişxəndlə “dünyada nadir hadisə” adlandırıb.
“Vətəndaş Həmrəyliyi” Partiyasından namizədliyi irəli sürülən MSK üzvü Almaz Qəhrəmanova referendumun Konstitusiyaya zidd olduğunu deyir. Onun fikrincə, MSK-nın şikayətləri araşdırmaması da düzgün deyil.
Müxalifət partiyalarının birləşdiyi “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs Qrupu isə səsvermənin nəticələrini tanımır. Hesab edir ki, seçicilərin iştirakı 25%-lik kvorumdan aşağı olub. Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Osman Kazımov MSK-nın səsvermənin yekunları ilə bağlı qərarından apelyasiya şikayəti veriləcəyini deyib. Onun fikrincə, MSK-nın şikayətləri araşdırmaması və səsvermənin nəticələrinin demək olar ki, bütün bəndlər eyni olması protokolların sifarişlə tərtib edildiyini sübut edir.



XS
SM
MD
LG