Accessibility links

Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir


Korrupsiyaya Qarşı Mübarizə Fondu 2008-ci ilin yekunları ilə bağlı dəyirmi masa keçirib. Fondun Prezidenti Namiq Axundov bildirib ki, qurumun 2008-ci ildə həyata keçirdiyi layihələrin əksəriyyəti bölgələrlə bağlı olub. Onun sözlərinə görə, fondun Bakı, Gəncə, Sumqayıt, Xaçmaz, Salyan və digər 11 rayonda apardığı araşdırmalar əhalinin daha çox narazılıq etdiyi dövlət qurumlarını müəyyənləşdirməyə imkan verib.

Fondun icraçı direktoru Vasif Mövsümov ötən illərə nisbətən 2008-ci ildə korrupsiyanın səviyyəsinin artdığını bildirib. Onun fikrincə, əhali arasında aparılan sorğular və monitorinqlər bunu təsdiq edir.

"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov hesab edir ki, hökumətin korrupsiyaya qarşı mübarizəsi imitasiya xarakteri daşıyır. Çünki korrupsiyaya qarşı mübarizə üzrə nəzarət strukturları fəaliyyətə başladıqdan sonra korrupsiyanın səviyyəsi daha da artıb.

"Tacirlər və İstehsalçılar" Birliyinin sədri Sevgim Rəhmanovun fikrincə, korrupsiyanın səviyyəsinin aşağı salınması azad məhkəmə sisteminin qurulmasından keçir.

"Yeni Azərbaycan" partiyasının üzvü, keçmiş deputat Şahlar Əsgərov korrupsiyaya qarşı mübarizəni təşkil etmək üçün ilk öncə onu doğuran səbəblərin öyrənilməsini vacib sayır. Korrupsiyaya qarşı mübarizə üçün ilk öncə şəffaflıq artırılmalı və inzibatçılıq azaldılmalıdır.

Cənab Əsgərov korrupsiyanı böyük bəla hesab edir və onun kökünün kəsilməsi istiqamətində addımlar atılmasını istəyir.

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, rüşvət və korrupsiya halları əsir və girovlara münasibətdə də qeydə alınır. Belə ki, əsir və girovların, o cümlədən məcburi köçkünlərin sənədlərinin qaydada olmaması məmurlara onlardan rüşvət tələb etmələri üçün münbit şərait yaradır.


XS
SM
MD
LG