Accessibility links

Devid  Kramer Bakıda  xarici radioların yayımını müzakirə etdi


ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Devid Kramer Azərbaycana iki günlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, səfər zamanı prezident İlham Əliyev, siyasi partiya rəhbərləri, müxalifət liderləri, vətəndaş cəmiyyətləri, hüquq müdafiəçiləri, deputatlarla görüşüb və xarici işlər nazirliyində geniş tərkibdə məsləhətləşmələr aparıb.

Cənab Kramer Azərbaycan ABŞ ikitərəfli münasibətlərinin bütün sahələrini yüksək dəyərləndirir. “Enerji və təhlükəsizlik sahəsində əməkdaşlığa böyük diqqət və inkişaf var. Mənim səfərimin məqsədi isə demokratiya və insan haqları sahəsinə diqqəti artırmaqdır. Müzakirələrim zamanı mətbuat azadlığı və insan haqları məsələləri əsas mövzu idi”.

O müxalifət və iqtidarda olan siyasi partiyalarla görüş zamanı müxtəlif fikirlər eşitdiyini deyib. “Bunlar həm iqtidarı dəstəkləyən, həm də tənqid edən fikirlər idi. ABŞ-ın marağı odur ki, çevik siyasi prosesləri müşahidə edək və siyasi partiyalar bu proseslərdə fəal iştirak etsin. Çünki demokratik dünyanın əsas prinsiplərindən biri azad və ədalətli siyasi sistemdir ki, burada siyasi partiyalar əsas rol oynayır. Müstəqil institutlar, təsisatlar da mövcud olmalıdır. Fəal siyasi proseslərin baş verməsi üçün isə müstəqil medianın rolu əvəzsizdir”.

Dövlət katibinin köməkçisi həbsdə olan jurnalistlərin azad edilməsi məsələsini də görüşləri zamanı qaldırdığını önə çəkib.

“Ümıdvaram ki, bu məsələyə yenidən baxılacaq və həbsdə olan jurnalistlərin buraxılması məsələsi nəzərdən keçiriləcək. Mən prezidenti dəvət etdim ki, həbsdə olan jurnalistlər amnistiya və ya əfv edilsin. Sözsüz ki, jurnalistlər də hər bir vətəndaş kimi qanuna tabe olmalıdır. Müzakirələr zamanı jurnalistlərə qarşı zorakı hallar, hücumlar və müxtəlif səpkili təzyiqlərlə bağlı narahatçılığımı bildirdim və xüsusilə vurğuladım ki, bu məsələlərə son qoyulması həddən artıq vacibdir. Demokratik inkişafın mütləq şərti müstəqil mediadır. Jurnalistlər məqalə yazarkən təzyiqlər və zorakı hallarla rastlaşmaqdan qorxmamalıdır”.

O “Amerikanın səsi” radiosunun sualının cavabında bildirib ki, demokratiya və insan haqları ilə bağlı xarici işlər nazirliyində geniş tərkibdə məsləhətləşmələr aparıb. “Biz anlayırıq ki, demokratiya və insan haqları məsələlərinin həlli üçün müəyyən vaxt lazımdır. Ancaq biz həm də müzakirələrdən sonra konkret addımlar gözləyirik. Bu isə səfərlərdən bir müddət keçəndən sonra baş verir. Vacib isə məsləhətləşmələrin davam etməsi və tərəflərin səmimi olmasıdır”.

Cənab Kramer həmçinin “Amerikanın səsi” radiosunun sualının cavabında xarici radiostansiyaların yerli tezliklərdə yayımının dayandırılacağı ilə bağlı Milli Teleradio Şurasının bəyanatı ətrafında müzakirələr apardığını diqqətə çatdırıb. “Dövlət Departamenti bu məlumatla bağlı artıq narahatçılığını və məyusluğunu ifadə edib. Dünən prezident Əliyevlə görüşümün nəticəsi olaraq deyə bilərəm ki, iki ölkənin müvafiq qurumları arasında danışıqlar keçirəcək və bu müddətdə yayımlar davam edəcək. Biz Azərbaycanın qanunlarına hörmət edirik. Hesab edirəm ki, hər iki ölkənin xoşməramlı yanaşması nəticəsində müəyyən müsbət razılığa gəlinəcək, həll yolu tapılacaq və məndə yaranan təəssürat ondan ibarətdir ki, radiostansiyaların yayımı 2008-ci ildən sonra da davam etdiriləcək”.

Dövlət katibinin köməkçisi həmçinin deyib ki, Azərbaycanın teleradio yayımı haqqında qanunu 2002-ci ildə qəbul edilib və 2008-ci ilin oktyabrında Milli Teleradio Şurası həmin qanuna istinadən bəyanat yayıb. Ancaq düşünürük ki, Teleradio Şurası daha ehtiyatla yanaşaraq məsələni həll etməli idi. “Hökumətin əsas vəzifəsi odur ki, qanuna əməl edildiyi tərzdə radioların yayımının davam etdirilməsinə şərait yaratsın. Mənə elə gəlir ki, hökumət həm də bu radioların auditoriyalarının olmasından xəbərdardır. Gələcək müzakirələrdə də, radio proqramların mahiyyətinə toxunmayacaq. Yayımın hansı vasitələrlə mümkünlüyü ilə bağlı müzakirələr aparılacaq. Əgər radiolarda yayılan məlumatların məzmunu ilə bağlı narahatlıqlar varsa, həmin radioların rəhbərləri ilə həll olunmalıdır. Lakin bizim irəli sürdüyümüz təşəbbüs həmin vəzifəni əvəzləmir” - deyə o qeyd edib.

XS
SM
MD
LG