Accessibility links

ABŞ Dövlət katibinin müavini jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib 


ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Barri Lovenkrounun Azərbaycana ikigünlük səfəri başlayıb. Cənab Lovenkroun bu gün dini konfesiyaların rəhbərləri ilə görüşüb. Xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə fikir mübadiləsi aparıb. Prezident İlham Əliyev səfərin qarşılıqlı münasibətlərin müxtəlif cəhətlərinə bir daha nəzər salmaq, gələcəkdə hansı işlərin görülməsinin mümkünlüyünü müzakirə etmək üçün yaxşı imkan yaratdığını bildirib. «Ölkələrimizin əməkdaşlığı, ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək». Cənab Lovenkroun isə Azərbaycan prezidentilə çox məhsuldar və uzunmüddətli görüş keçirdiyini bildirib. «Görüşdə müxtəlif məsələlərə, o cümlədən demokratiyaya aid məsələlərə toxunduq və biz bu məsələyə çox böyük önəm veririk. Hansı ki, Azərbaycan prezidenti Vaşinqtona səfəri zamanı geniş ictimaiyyət qarşısında bəyan edib». Dövlət katibinin müavini günün ikinci yarısında ötən ilin martında qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət edib. Cənab Lovenkroun jurnalistin məzarı önündə çıxış edib və Elmar Hüseynovun qətlini demokratiyaya yönəlmiş hücum kimi dəyərləndirib. «Mənə Elmar Hüsyenovla tanış olmaq şərəfi qismət olmayıb. Ancaq başqalarının dediyindən bilirəm ki, o öz işinə böyük şövqi olan prinsipial bir insan, medianın azad olmasının demokratiya üçün nə qədər vacib olduğunu duyan bir jurnalist və dövlətinin vəziyyətinin yaxşılaşdırılmasına səy gösmtərən bir vətənpərvər idi. Elmar Hüseynov kimi jurnalistlərə qarşı yönəlmiş hücumlar demokrarityaya qarşı yönəlmiş hücumlar kimi qiymətləndirilməlidir. Onu qəddarcasına qətlə yetirənlər təkcə Elmar Hüseynovu susdurmaq yox, başqa jurnalistləri də susdurmaq və ya üzərlərində senzura tətbiq etmək cəhdi güdürdülər. Qatillər məqsədlərinə nail olmalı deyil». O Azərbaycan hökumətinin media azadlığına dair üzərinə öhdəlik götürdüyünü də xatırladıb. «Mən Azərbaycan hökumətini cənab Hüseynovun qətlinə görə məsuliyyət daşıyanları məhkəmə qarşısına gətirilməsini təmin etməyə çağırıram. Dünyada mövcud olan demokratiya və insan hüquqlarına olan ehtiyac və təkan məhz insanların şərəfli, azad yaşamaq arzusundan, eləcə də Elmar Hüseynov kimi insanların şəxsi şücaətindən və dəyanətindən irəli gəlir. ABŞ xalqı və hökuməti adından Elmar Hüseynovun ailəsinə, dostlarına və yoldaşlarına dərin hüznlə baş sağlığı diləyirəm. O Azərbaycanda demokratiyanın cəsarətli bir çempionu idi». Dövlət katibinin müavini jurnalistin məzarını ziyarət edərkən onu ABŞ səfiri ilə yanaşı, Elmar Hüsyenovun atası və «Elmar Hüseynov» Fondunun idarə heyətinin üzvləri müşaiyyət edib. Elmar Hüseynovun atası cənab Lovenkrounun ziyarətini azad mətbuatın müdafiəsi yolunda atılmış mühüm addım adlandırıb. O bildirib ki, dünyanın bir çox ölkələrində Elmar Hüseynov yad edilsə də Azərbaycan rəsmiləri bu haqda düşünmək belə istəmir. Elmar Hüseynovun qətlinin açılması məsələsinə gəlincə, Sabir Hüsyenov Azərbaycan prezidentinin qətlin açılmasına nail olacağına inanır. Dövlət katibinin müavininin Elmar Hüseynovun məzarını ziyyarəti son dövrlər mətbuata qarşı təzyiqlərin baş verdiyi bir vaxta təsadüf edir. ANS teleradiosunun yayımı bir neçə həftə dayandırıldıqdan sonra bərpa edilib və gələcək taleyi sual altındadır, «Turan» İnformasiya Agentilyi və «Azadlıq» qəzeti ofislərindən çıxarılıb. «Turan» Agentilyinin direktoru Mehman Əliyev dövlət katibinin müavinin bu addımını mətbuat azadlığının müdafiəsi və ABŞ hökumətinin mövqeyinin nümayişi baxımından çox əhəmiyyətli adlandırıb. «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arfioğlu isə Dövlət katibinin müavininin Elmar Hüseynovun məzarı önündə çıxışını Azərbaycan rəhbərlərinə mesaj kimi qiymətləndirir. Onun fikrincə, Azərbaycan rəhbərləri də mətbuatın vəziyyəti ilə maraqlanmalıdır.
XS
SM
MD
LG