Accessibility links

ABŞ senatoru Riçard Luqar İranın nüvə proqramını Azərbaycan üçün təhlükə sayır 


ABŞ senatoru Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti prezident İlham Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, parlamentdə deputat qrupu və müxalifət liderləri ilə görüşüb. Prezident İlham Əliyev ABŞ-la Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. «Azərbaycan-ABŞ əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə və bunun regionun təhlükəsizliyinə töhfə verəcəyinə əminəm»,- deyə dövlət başçısı bəyan edib. Cənab Luqar Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu bildirib. «Azərbaycanın antiterror koalisiyasındakı fəal iştirakını yüksək qiymətləndiririk»,- deyə senator qeyd edib. Cənab Luqarın müxalifət liderləri ilə görüşündə bölgədəki ictimai-siyasi durum, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ əsas müzakirə mövzusu olub. AXCP sədri Əli Kərimli «Amerikanın səsi» radiosuna bildirib ki, görüş zamanı ölkədəki seçkiqabağı antidemokratik mühitlə bağlı senatora məlumat verilib. «Azərbaycan regionun mühüm ölkəsidir və ABŞ üçün Azərbaycanın təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın əhəmiyyəti onun zəngin enerji resurslarında və strateji mövqeyindədir». Bu bəyanatı isə senator Riçard Luqar bir qrup yerli jurnalistlə görüşündə verib. «Turan» Agentliyinin məlumatına görə, senator Azərbaycan hökumətinin energetikanı inkişaf etdirmək və enerji resurslarının Qərbə ötürülməsi məsələlərində əməkdaşlıq etmək planlarına yüksək qiymət verib. Azərbaycanda insan hüquqları sahəsində vəziyyət barədə suala cavabda cənab Luqar bildirib ki, jurnalistlərin həbsi, nümayiş keçirilməsində məhdudiyyətlər haqqında məlumatı var. "Bu, təəssüf doğurur. Mövzunu prezident İlham Əliyevlə görüşdə müzakirə etmişik. Amma belə hadisələr başqa ölkələrdə də baş verir, məsələn, Gürcüstanda seçkilərdən sonra müəyyən problemlər yaranıb». İranın nüvə proqramı haqqında suala cavabda senator qeyd edib ki, bu məsələ regionun və xüsusən Azərbaycanın təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. «Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının monitorinqini davam etdirməli və ona nəzarət etməlidir. Əgər İran nüvə silahı istehsal etmək imkanı əldə edərsə, bu, başqaları üçün pis nümunə olacaq", - deyə cənab Luqar bildirib. Azərbaycanın enerji proqramını şərh edən senator onu yaxşı qiymətləndirib və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini qeyd edib. Rusiyanın bu məsələdə mövqeyindən danışan senator qeyd edib ki, Qazaxıstan və Türkmənistan rəhbərlikləri ilə söhbəti olub. "Bu ölkələr öz enerji resurslarının çatdırılması marşrutlarını fərqliləşdirmək istəyir. Azərbaycan, Gürcüstan və Türkiyə də anoloji mövqe tutur. Moskva bu fikirləri nəzərə almalıdır". Qarabağ nizamlanması haqqında suala cavab verən senator bildirib ki, "hazırda problemin həllini görmür". Lakin tərəflər dərk etməlidirlər ki, başqa yol yoxdur. O həmçinin etiraf edib ki, hərdən beynəlxalq ictimaiyyət kömək etmək əvəzinə, daha çox mane olur. O, Konqresdə erməni soyqırımı haqqında bu yaxınlarda aparılan müzakirələri misal çəkib. Luqar etiraf edib ki, bu, erməni lobbisinin təzyiqi altında baş verir. "Bu ermənilər hətta Ermənistanda yaşayan ermənilərdən daha çox ermənidirlər və məhz onların sayəsində hələ də ABŞ-ın bu ölkədə səfiri təyin edilməyib. Düşünmürəm ki, bu növ fəaliyyət və əhval-ruhiyyə nizamlanmaya kömək edir". Sonda senator təkrar edib ki, Azərbaycan rəhbərliyi ilə söz azadlığı və jurnalistlərin həbsi problemini müzakirə edib. «Jurnalistlərin işi çətin və təhlükəlidir və onlara uğurlar arzu edirəm».
XS
SM
MD
LG