Accessibility links

Macarıstanın baş naziri “Nabukko” layihəsini "Cənub axını"ndan üstün sayır


“Biz hamımız “Nabukko” layihəsinin ən tez bir zamanda həyata keçirilməsində maraqlıyıq. Biznes baxımından “Nabukko” layihəsi "Cənub axını"ndan üstündür". Bu barədə bu gün Macarıstanın baş naziri Ferents Dyurçan Bakıda jurnalistlərin sualının cavabında bildirib.

"Biz “Nabukko”nun həyata keçirilməsi üçün ən tez zamanda konkret investorlar tapmalıyıq. Əlbəttə, bu boru kəməri ilə nə qədər qaz nəql etməyin mümkünlüyünü dəqiqləşdirmək lazımdır. Azərbaycan da bunda əsas rolu oynayır", - deyə o qeyd edib.
Macarıstan baş naziri Bakıya səfəri zamanı ölkəsinin Azərbaycandan qaz alması məsələlərini də müzakirə ediləcək. Cənab Dyurçan bildirib ki, yalnız Macarıstan Azərbaycandan qaz alsaydı, Azərbaycan çox da udmazdı. “Macarıstanın cəmi 10 milyon əhalisi var. Avropa regionunda isə təxminən 500 mln. insan yaşayır. Macarıstan təxminən 1-2 mlrd. kubmetr qaz ala bilər. Amma Avropanın tələbatı yaxın 15 ildə təxminən 50% artacaq. Yaxın illərdə Avropada təxminən 150-200 mlrd. kubmetr qaz çatışmazlığı hiss olunacaq. Nabukko bu defisiti hər il 30 mlrd. kubmetr qazla tamamlaya bilər. Məsələ Avropanın istəyib-istəməməsində yox, tikiləcək bu qaz kəmərindən qaz ala bilib-bilməməsindədir. İstərdik ki, bu boru kəməri həyata keçirilsin", - deyə o qeyd edib.

Macarıstanın baş naziri qazla bağlı danışıqları davam etdirmək üçün sabah Türkmənistana gedəcək.

Politoloq Rasim Musabəyov “Nabukko” layihəsini siyasi və geopolitik baxımdan “Cənub Axını” layihəsindən üstün sayır. Onun fikrincə, “Cənub Axını” layihəınin siyasi və geopolitik riskləri daha çoxdur.

Cənab Musabəyov hesab edir ki, “Cənub Axını” layihəsi tamamilə Rusiyadan asılıdır. Çünki Rusiya həm qazın sahibi, həm də kəmərin maliyyələşdirilməsində əsl simadır. Bu baxımdan “Nabukko” kəməri alternativ kimi çıxış edir və Şərqi Avropa ölkələrinin enerji cəhətdən Rusiyadan asılılığını azaldır.

Politoloq Azərbaycanın Rusiyaya qaz satması ilə bağlı danışıqlarına da müsbət yanaşır. Belə ki, Azərbaycan bunun vasitəsi ilə qərblə danışıqlarında üstünlük əldə edir. O hesab edir ki, Azərbaycanın bu sahədə maraqları heç də Avropa dövlətləri ilə tam üst-üstə düşmür.

İqtisadçı ekspertlər isə Macarıstan baş nazirinin dediklərini siyasi bəyanat kimi qiymətləndirir. Belə ki, “Cənub Axını” kəməri ilə müqayisədə “Nabukko” xeyli uzundur. İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı hesab edir ki, ilk öncə hər iki layihənin texniki-mühəndis qiymətləndirilməsi aparılmalıdır.

XS
SM
MD
LG