Accessibility links

Azərbaycan Maliyyə Kəşfiyyatı orqanı yaradılmayıb


Azərbaycanda antikorrupsiya siyasətinin dəstəklənməsi strategiyası layihəsi çərçivəsində ictimaiyyətin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında məlumatlandırılması üzrə seminar keçirilib. Layihə Azərbaycan hökuməti, Amerika Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Ədliyyə Nazirliyi və Avropa Şurası tərəfindən həyata keçirilir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov "Cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi birinci oxunuşda qəbul edilib, sənəd dövlətin və cəmiyyətin qorunmasına yönəldilib.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib ki, rüşvətxorluq və beynəlxalq miqyaslı dələduzluq böyük gəlirlər gətirir. Nəzarət mexanizmi olmayan ölkələrdə bu pislik qarşısında aciz qalmaq riski yüksəkdir.

Səfirin sözlərinə görə, Azərbaycan Maliyyə Əməliyyatı İşçi Qrupunun tərəfdaş üzvüdür. Azərbaycanda çirkli pulların yuyulmasının cinayət hesab olunmasına baxmayaraq, Maliyyə Əməliyyatı İşçi Qrupu tərəfindən tövsiyə olunan və prokurorların öz işlərini müvafiq qaydada aparmasına imkan yaradan hüquq və maliyyə rejimi tətbiq edilməyib. Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, orada Maliyyə Kəşfiyyatı orqanı hələ də yaradılmayıb.

AŞ Baş Katibliyinin Bakıda xüsusi nümayəndəsi Veronika Kotek Azərbaycanın Avropa Şurasının 2003-cü ildə "Cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında" Konvensiyasına qoşulduğunu və 2008-ci ilin mayında qəbul edilmiş "Çirkli pullarla terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında" Konvensiyaya hələ qoşulmadığını deyib. Onun sözlərinə görə, AŞ-da iştirakçı dövlətlərdə bu sahədə vəziyyətə nəzarət edən monitorinq qrupu fəaliyyət göstərir. "Avropa Şurası və ABŞ hökuməti Azərbaycanda antikorrupsiya siyasətinin dəstəklənməsi strategiyası layihəsini həyata keçirir. Biz bu sahədə qanunun hazırlanmasına yaxından yardım etmişik və ümid edirik ki, sənəd tezliklə qəbul ediləcək. Qanuna görə, şübhəli pullar, onların müəyyən eduilməsi məqsədilə maliyyə kəşfiyyat orqanı yaradılmalıdır".

Azərbaycan Milli Bankının İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib ki, qanun layihəsində monitorinqə düşən pul vəsaiti və digər əmlakla bağlı əməliyyatlar siyahısı göstərilib. Xüsusən, terrorçuluğa dəstəklə bağlı şübhə doğuran pul əməliyyatları, xarici dövlətlərin siyasi xadimlərinin bank hesabları ilə əməliyyatlar, Azərbaycanın yurisdiksiyasında olmayan anonim hesablardan pul daxilolmaları və həmin anonim hesablara köçürmələrə nəzarət mexanizmləri əksini tapıb.

Cənab Aslanlı İran Milli Bankının Azərbaycanda fəaliyyət göstərən bölməsinə BMT-nin qətnaməsinin tətbiq edilib-edilməməsi barədə Amerikanın səsi radiosuna bildirib ki, Azərbaycan beynəlxalq icmanın üzvü kimi BMT-nin sənədlərinin yerinə yetirilməsinə öz töhfvəsini verir.

XS
SM
MD
LG