Accessibility links

Azərbaycanda həbsdə olan jurnalistlərin ailələrinə yardım göstərilib


Azərbaycanda həbsdə olan jurnalistlərin ailəsinə kömək məqsədilə keçirilən bir aylıq marafonun nəticələri bu gün elan edilib. Marafonda 195 təşkilat və şəxs iştirak edib, 1938 manat vəsait toplanıb. Marafonun təşkilatçısı «Reportyorların Azadlığı və Təhlükəsizliyi» İnstitutunun direktoru Emin Hüseynli bildirib ki, dünən Milli Mətbuat günündə yığılan vəsait jurnalistlərin ailələrinə çatdırılıb. Cənab Hüseynlinin sözlərinə görə, həbsdə olan jurnalistlərin ailələri toplanmış vəsaiti qəbul edib. "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin ailəsi isə dəstəyə görə təşəkkür edib və onlar üçün ayrılmış vəsaitin "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakitin ailəsinə çatdırılmasını xahiş edib. Eynulla Fətullayevin valideynləri Mirzə Sakitin ailə üzvlərinin sayının daha çox olduğuna görə bu qərara gəlib". Jurnalistlərin ailə üzvləri və yaxınları marafonu keçirənlərə və iştirakçılara təşəkkür bildirib. Onların hər biri ailə üzvlərinin günahsız olduğunu və məqaləyə görə jurnalistin həbsinin demokratiya ilə bir araya sığmadığını bildirib. «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova jurnalistin həbsindən sonra borca görə evinə elektrikin veriləməsinin dayandırıldığını bildirib. Cəanb Hüseynli növbəti marafonun Mətbuat prospektində mərhum jurnalist Elmar Hüseynovun abidəsinin qoyulması ilə bağlı olacağını deyib. Bu ideya reallaşarsa, sonra Nəcəf Nəcəfov, Çingiz Mustafayev və digər jurnalistlərin abidələrinin qoyulması üçün marafonlar da təşkil ediləcək Yeri gəlmişkən qeyd edim ki, dünəndən başlayaraq həbsdə olan «Noth Vene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu jurnalistlərin həbsinə etiraz olaraq ağzını tikərək aclığa başlayıb. Ədliyyə nazirliyinin Penitensiar xidməti jurnaistin aclığa başlamasını «Amerikanın səsi» radiosuna təsdiq edib. Xidmətin əməkdaşı bildirib ki, cənab Novruzoğlu dünən dodaqlarını sapla tikib. «O İsrailin Bakıdakı səfiri ilə görüşmək, azad Mətbuat Şurasının yaradılması və məqalələrinin çapı üçün icazə verilməsini tələb edir». "Nota Bene" qəzetinin müxbiri Fərəməz Novruzoğlu Cinayət Məcəlləsinin böhtan, şərəf və ləyaqətin alçaldılması ittihamları əsasında Nərimanov rayon məhkəməsinin hökmü ilə bu ilin yanvarında həbs olunub.
XS
SM
MD
LG