Beynəlxalq Əmək Təşkilatının dünyada məcburi əməyin vəziyyəti ilə bağlı qlobal hesabatın təqdimatı olub. Beynəlxalq Əmək Təşkilatının məcburi əməyə dair xüsusi proqramının rəhbəri Rocer Plant bildirib ki, dünyada ötən il ərzində 12,3 milyon insan məcburi əməyə cəlb olunub və onların 2,4 milyonu insan alverinin qurbanına çevrilib. Onun sözlərinə görə, qlobal maliyyə böhranı ilində dünyada məcburi əməyə cəlb edilmiş və insan alveri qurbanlarına çevrilmiş insanların pullarının oğurlanması halları da artıb. “Ümid edirik ki, Azərbaycanda məcburi əməyin qarşısının alınmasında üçtərəfli əməkdaşlıq çərçivəsində sosial dialoq bəhrəsini verəcək. Bu əməkdaşlıq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, həmkarlar təşkilatları və biznes qurumlarını əhatə edir. Digər tərəfdən isə işin daha effektli olması üçün Daxili iŞlər nazirliyi və digər qurumlar da bu məsələdə rolunu genişləndirməlidir”.
Cənab Plantın dediyinə görə, Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycanın qurumları arasında məcburi əməyə qarşı mübarizə ilə bağlı birgə layihə bundan sonra da davam edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təmsilçisi Vahid Məmmədov hesab edir ki, Azərbaycanda məcburi əmək və insan alveri ilə bağlı milli monitorinq sistemi yaradılmalıdır. 2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 25 minə qədər iş yeri leqallaşdırılıb. Cənab Məmmədovun fikrincə, məcburi əməyin qarşısının alınması üçün qanunvericilik və icra strukturlarının fəaliyyəti bəs etmir. Burada cəmiyyətin də öhdəlikləri var.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyevin fikrincə, Azərbaycanda məcburi əməyə cəlb etmə xarakterik deyil. İcbari əməyin qadağan edilməsi və insanların layiqli əməklə təmin edilməsi konstitusion normadır. Buna baxmayaraq, faktlar var. Ötən il və bu il məcburi əməyə cəlb etmə ilə bağlı 4 fakt müəyyən edilib.
O Azərbaycanda insan alverinə qarşı ciddi mübarizə aparıldığını önə çəkib. Ölkədə insan alveri qurbanlarının subyekti bir qayda olaraq qadınlardır. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik, milli proqramlar yaradılıb və təsisatlar fəaliyyət göstərir. İnsan alveri qurbanları üçün sığınacaq yaradılıb, qaynar xətt fəaliyyətdədir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, ölkədə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi qurumlarda məcburi əməyə cəlb etmə halları qeydə alınmayıb. Məcburi əməyə cəlb etmə əsasən qeyri leqal fəaliyyət göstərən istehsalat sahələrində və transmilli şirkətlərdə qeydə alınır.
Onun dediyinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hazırda transmilli şirkətlərdə həmkarlar təşkilatlarının yaradılması üçün sosial dialoq həyata keçirir və artıq bir çox təşkilatlarda həmkarlar təşkilatları təsis edilib.
Öz növbəsində, Beynəlxalq Əmək Təşkilatının Azərbaycanda insan alveri və məcburi əməyə cəlb etməyə qarşı mübarizə proqramının rəhbəri Elnur Nəsibov “Amerikanın səsi” radiosuna Azərbaycan vətəndaşlarının məcburi əməyə cəlb etmə faktlarının statistik rəqəmlərdən çox olduğunu deyib. Onun sözlərinə görə, bu sahədə Beynəlxalq Əmək Təşkilatı monitorinq aparıb.
Cənab Nəsibov eyni zamanda, xarici ölkələrdə, xüsusilə Rusiyada Azərbaycan vətəndaşlarının məcburi əməyə cəlb etmə hallarının qeydə alındığını da bildirib.