Accessibility links

Seçkilər Azərbaycan mediasında necə işıqlandırılır?


"2008-ci ildə seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması" monitorinqinin birinci mərhələsinin yekunlarının təqdimatı olub. Monitorinq "Yeni Nəsil" Jurnalistlər Birliyi tərəfindən Avropa Şurası və Avropa Komissiyasının "Azad və ədalətli seçkilər" birgə proqramı çərçivəsində beynəlxalq standartlar əsasında keçirilir.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, monitorinqin birinci mərhələsi bu il iyulun 6-da başlayıb və avqustun 17-dək seçkiqabağı təşviqat kampaniyasınadək olan dövrü əhatə edib. Monitorinqə ölkədəki 7 televiziya, 2 dövlət, iki müxalifət və 2 iqtidar qəzeti cəlb olunub.

Monitorinqin nəticələrinə görə, media siyasi iştirakçıların fəaliyyətini işıqlandırmaqda məhdud müxtəliflik səviyyəsi nümayiş etdirir.

Cənab Əliyevin sözlərinə görə, televiziya kanallarının bir hissəsində siyasi müxtəlifliyə xüsusilə az rast gəlinir. Digər kanallar isə siyasi iştirakçıların bir qədər geniş dairəsinin fəaliyyətini əhatə edir, lakin bununla belə, onların da əsas xəbər verilişlərində müxtəliflik çox azdır. "Hesabat dövründə İTV siyasi materiallarında efir vaxtının 61 faizini “Yeni Azərbaycan” partiyasına, 13 faizini partiya üzvü olmayan nazirlərə, 4 faizini müxalifətdə olan "Müsavat" partiyasına, 4 faizini isə Vətəndaş Həmrəyliyi Partiyasına, 13 faizini müstəqil siyasətçilərə ayırıb. ANS YAP-a 55 faiz, partiya üzvü olmayan nazirlərə 21 faiz, Azərbaycan Xalq Cəbhəsi partiyasına 10 faiz, Demokrat partiyasına 7 faiz yer verib. "Lider" kanalı 62 faiz YAP-a, 20 faiz müstəqil siyasətçilərə, 10 faiz "Ana Vətən" partiyasına, 5 faiz Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasına yer ayırıb. AzTV-nin yayımının demək olar ki, hamısı YAP üzvlərinə və prezidentə həsr olunub. Monitorinqə cəlb edilən materialların 93 faizində YAP üzvləri, cəmi 2,2 faizində Demokratik İslahatlar partiyası üzvləri yer alıb. ATV-də siyasi müxtəliflik dərəcəsi Space və Xəzər televiziyasından azca artıq olub. Bu kanallarda da fəaliyyəti işıqlandırılan siyasi iştirakçıların dairəsi həddən artıq dardır".

O bildirib ki, qəzetlər siyasi iştirakçıların fəaliyyətinin işıqlandırılması baxımından iki qrupa bölünür. "Dövlətə məxsus "Azərbaycan" və "Xalq" qəzetlərində YAP-a müvafiq olaraq 83 və 80 faiz yer ayırıb. Dövlət institutlarının siyasi iştirakçı kimi çıxış etdikləri materialların sayı "Azərbaycan" qəzetində 11 faiz, "Xalq" qəzetində 15 faiz təşkil edib. Bundan başqa, müstəqil siyasətçilər "Azərbaycan" qəzetində 4 faiz, qalan partiyaların hər biri isə ayrılıqda bu qəzetdə 0,2 faizdən çox yer almayıb".

Özəl qəzetlər isə kifayət qədər geniş siyasi müxtəlifliyi əks etdirib, baxmayaraq ki, yazıların bəziləri hökumətin kəskin tənqidinə həsr olunub. "525-ci qəzet"də siyasi iştirakçıların 44 faizi YAP, 17 faizi müstəqil siyasətçilər, 6 faizi "Müsavat", 4 faizi "Ümid" partiyasından olub. "Azadlıq" qəzeti yazılarının 25 faizini YAP-a, 17 faizini AXCP-yə, 15 faizini partiya üzvü olmayan nazirlərə, 13 faizini isə "Müsavat" partiyasına həsr edib. "Yeni Müsavat" qəzeti "Müsavat" partiyasına 23, YAP-a 18, partiya üzvü olmayan nazirlərə 12, Ümid partiyasına 8, AXP və ADP-nin hər birinə isə 5 faiz yer verib. "Zerkalo" qəzeti isə siyasi iştirakçıların geniş dairəsini işıqlandırıb. YAP 35, AXCP 5, "Müsavat" 11, partiya üzvü olmayan nazirlər isə 14 faiz yer alıb.

XS
SM
MD
LG