Accessibility links

Azərbaycan Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması qərarının əleyhinədir


Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarı Azərbaycanda birmənalı pislənir. Belə ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq təşkilatlarda bu mövqedən çıxış edəcək.

Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim "Amerikanın səsi" radiosuna bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Gürcüstan və Rusiya ilə bağlı məsələnin sentyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının bürosunda müzakirə ediləcəyini bildirib. O "Amerikanın səsi" radiosuna AŞ-nin bütün iclaslarında Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü müdafiə edəcəyini deyib.

Azərbaycan müxalifəti də Rusiya prezidentinin qərarını qınayır. AXCP sədri Əli Kərimli hesab edir ki, Rusiya prezidentinin bu qərarı tez bir zamanda Rusiyanın özünün qəniminə çevriləcək.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə Rusiya prezidentinin qərarının dünya üçün narahatlıq yaradacağını düşünür. Onun fikrincə, bu qərar regionda gərginliyi daha da artıracaq.

Müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, Rusiya prezidentinin qərarı dünyanı fakt qarşısında qoymağa yönəlib. Ancaq bu qərar problemin müzakirədən çıxarılması üçün bəs etmir.

XS
SM
MD
LG