Accessibility links

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib


Avropa Şurasının Hüquq və Siyasi Komitəsi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi barədə qərar qəbul edib. Cənab Ştrasser Almaniyanın Sosialist Partiyasının və AŞPA-da Sosialist Qrupunun üzvüdür. Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi məhbus olmadığı, hüquq müdafiəçiləri isə 67 nəfərədək siyasi məhbusun olduğunu bildirir. Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi institutu 2001-2005-ci illərdə də mövcud olub.

2005-ci ildə məhbusların geniş əfvindən sonra problemin birdəfəlik həlli məqsədi ilə hüquq müdafiəçiləri və rəsmi nümayəndələrdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupunun üzvü Səidə Qocamanlı hökumətin işçi qrupunun təkliflərinə əhəmiyyət vermədiyini bildirir. Hüquq müdafiəçisinin dediyinə görə. O hazırda Azərbaycanda 27 nəfər siyasi məhbus olduğunu deyir.
Xanım Qocamanlının fikrincə, son amnistiya aktı da siyasi məhbuslarla bağlı problemi həll etməyib. Bu akt yalnız satirik-yazar Mirzə Sakitə azadlıq verməli idi, amma jurnalistin həbs müddətinin başa çatmasına 3 ay qalmasına baxmayaraq onu da həbsdən növbəlilik əsasında dörd ay müddətində buraxacaqlarını bildirirlər.
Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilməsinin əleyhinədir. Onun fikrincə, AŞPA ölkələrə münasibətdə ikili standartlara yol verir, siyasi məhbuslarla bağlı problem başqa ölkələrdə də araşdırılmalıdır.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı siyasi
məhbuslar üzrə məruzəçinin təyinini ədalətsizlik kimi qiymətləndirir. Onun sözlərinə görə, siyasi məhbus adlandırılan şəxslərin hamısı azadlığa buraxılıb.
Müxalifətdə olan AXCP sədri Əli Kərimli məruzəçinin təyin edilməsini gecikmiş və ədalətli qərar adlandırıb. O, Azərbaycanın problemi özünün həll etməməsinə təəssüflənir.
Bir neçə gün öncə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçi təyin etməyəcəyini əminliklə bildirmişdi. Onun fikrincə, məruzəçi təyin edilməsi üçün zəmin yoxdur.
“Sülh və Demokratiya” institutunun direktoru Leyla Yunus 67 nəfər siyasi məhbusun olduğunu bildirir. Onun fikrincə, məruzəçi siyasi məhbus məsələsi ilə yanaşı siyasi repressiya problemini də öyrənməlidir.
Hüquq müdafiəçisi ümid edir ki, yeni məruzəçi 2001-2005-ci illərdəki məruzəçi kimi effektli işləyəcək. Çünki bundan öncəki məruzəçi yeddi yüzədək məhbusun azadlığa çıxmasına nail olub.

XS
SM
MD
LG