Accessibility links

Prezident Obama: `Azərbaycanla sıx əməkdaşlıq edəcəyimizə inanıram`


Amerika prezidenti Barak Obama Bakı şəhərində 16-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezident Obamanın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirir ki, Azərbaycan mühüm və etibarlı enerji təchizatçısı kimi dünya bazarlarına daxil olub. Azərbaycan inkişaf etməkdə olan enerji ehtiyatları və beynəlxalq şirkətlərin cəlb edilməsi nəticəsində yüksək texnologiyalara və sürətli inkişafın əldə edilməsi sahəsində nümunədir. “Sizin nailiyyətiniz 1990-cı illərin ortalarından başlayaraq sərmayədarların Azərbaycanın neft və qaz sahələrinin inkişafına cəlb edilməsində və Bakı - Tbilisi - Ceyhan və Cənubi Qafqaz qaz borusu da daxil olmaqla, Şərq-Qərb Enerji Dəhlizinin reallaşdırılmasında öz əksini tapıb. Üç ölkə ərazisindən minlərlə mil məsafədən keçməklə və bir çox beynəlxalq enerji şirkətinin cəlb edilməsi ilə reallaşan bu layihələr, yüksək səviyyədə bağlılıq və əməkdaşlıq nəticəsində nələrə nail oluna biləcəyini nümayiş etdirdi. ABŞ Azərbaycanla və bu mühüm layihələrin reallaşmasında iştirak edən digər dövlətlərlə əməkdaşlıq etməkdən çox məmnundur”.
Cənab Obama Amerikanın təbii qaz yataqlarının inkişaf etdirilməsi sahəsində Azərbaycan prezidentinin göstərdiyi cəhdləri dəstəklədiyini bəyan edib. “Düşünürəm ki, bu, regional təchizatın artırılması sizin ölkəniz və qonşu ölkələr üçün faydalı olacaq. Biz ölkənizin karbohidrogen sektorunun inkişaf etdirilməsini dəstəkləyirik. Hesab edirik ki, bu regionun çiçəklənməsinə, qlobal enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın artmasına səbəb olacaq və həmçinin, Azərbaycanın bütün vətəndaşlarının tələbat və arzularının həyata keçirilməsinə şərait yaradacaq”.
Cənab Obama hesab edir ki, enerji resurslarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə Azərbaycan Amerikanın qismində etibarlı dost və tərəfdaş tapacaq. “Mən Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyimizə inanıram”.

XS
SM
MD
LG