Accessibility links

BMT-nin Baş katibi Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə müraciət qəbul edib


BMT-nin Baş katibi Ban Ki Mun Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə müraciət qəbul edib. Sənəddə deyilir ki, hər il Ümumdünya Mətbuat Azadlığı Günü BMT bir daha İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində həkk olunmuş fikir və ifadə azadlığı hüququna sadiqliyimizi təsdiq edir:

«Günümüzdə getdikcə daha çox insan daha geniş kütlələrə müraciət etmək, onlara öz fikirlərini çatdırmaq imkanı əldə edir. Lakin çox vaxt onlar informasiya və ideyaların axınını məhdudlaşdırmaq, qadağan etmək və ya dayandırmaq cəhdləri ilə üzləşir. Bu təhlükələrin qarşısında Birləşmiş Millətlər Təşkilatı mətbuat azadlığı və öz istedadı, işə sədaqəti ilə ona həyat verən qadın və kişilərin sarsılmaz müdafiəçisi olmalıdır».

Baş katib bildirib ki, BMT-ni ən çox narahat edən başqalarının acınacaqlı vəziyyətini işıqlandırmağa çalışan jurnalistlərin özlərinin hədəfə çevrilməsidir: «Ötən il 150-dən artıq peşəkar media işçisi vəzifəsini yerinə yetirərkən həlak olub. Digər mətbuat nümayəndələri xəsarət alıb, həbs olunub, təqiblərə məruz qalıb və ya girov götürülüb. Bu ancaq silahlı münaqişələr şəraitində deyil, jurnalistlər korrupsiya, yoxsulluq və hakimiyyətdən sui-istifadə hallarını araşdırarkən də baş verir».

Ban Ki Mun bu yaxınlarda BBC korporasiyasının jurnalisti Alan Constonun oğurlanması ilə bağlı hadisələri həyəcanla izlədiyni yada salıb:

«Cənab Constonun Yaxın Şərq və İsrail-Fələstin münaqişəsi ilə bağlı məsələləri işıqlandıran materialları haqlı olaraq bütün dünyada hörmət qazanıb. Heç bir səbəb onun davam edən əsirliyinə haqq qazandıra bilməz və buna səbəb göstərilən istənilən məqsəd özü nüfuzdan düşər. Mən bir daha Alan Constonun təcili olaraq sağ-salamat azadlığa buraxılmasına çağırıram».

Baş katib mətbuat azadlığına qarşı hücumları beynəlxalq hüquqa, insaniyyətə, azadlığın özünə qarşı – Birləşmiş Millətlər Təşkilatının təcəssüm etdirdiyi bütün dəyərlərə qarşı hücum kimi qiymətləndirir: «Azad, təhlükəsiz və müstəqil mətbuat demokratiya və sülhün ən əsas özüllərindən biridir. Həm hökumətlər, həm beynəlxalq təşkilatlar, həm də media və vətəndaş cəmiyyətinin bu özülləri müdafiə etmək işində öz rolu var. Gəlin, Ümumdünya Mətbuat Azadlığı Günündə bu amala sadiq olduğumuzu bir daha təsdiq edək».

XS
SM
MD
LG