Accessibility links

Mikloş Haraşti: Redaktorlar və blogerlər azadlığa buraxılmalıdır 


ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında Azərbaycanda medianın mövcud durumu, hökumətlə müzakirələr, xarici radioların yerli FM dalğasında verilişlərinin bərpasının vacibliyi, həbsdə olan jurnalistlər və blogerlərlə bağlı məsələlərə toxunulub.
Cənab Haraşti hesab edir ki, gənc blogerlər Emin Milli və Adnan Hacızadə həbs cəzasına məhkum edilməyəcək. Bu nəticəyə, o Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşdən sonra gəlib.
Haraştinin sözlərinə görə, Həsənov hesab edir ki, blogerlər “həbs cəzasına məhrum edilməyəcək”. “Əlbəttə, mən həbsdə saxlanan blogerlər Adnan Hacızadə və Emin Milli ilə görüşmək istədim. Dedilər ki, bu hüquqi səbəbdən mümkün deyil. Buna baxmayaraq, görüşlərimdə blogerlərin məsələsini bir daha qaldırdım. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşdən sonra, çox yaxşı xəbərlərim var. Yaxşı xəbər odur ki, cənab Həsənov qeyd etdi ki, o jurnalistlərin həbsi ilə bağlı məsələdə mənim narahatlığımı bölüşür. Cənab Həsənovun fərziyyəsinə görə, blogerlərin məsələsi prosedurun sonunda müsbət həll olunacaq. Məndə elə güclü təəssürat yarandı ki, blogerlər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməyəcək. Hesab edirəm ki, bununla da Azərbaycanda tənqidi jurnalistikanın hüquq-mühafizə orqanları tərəfindən təqibi pozula bilər”.
Cənab Haraşti Azərbaycan hakimiyyətinin böhrana görə cinayət məsuliyyətini ləğv etmək meylini də “yaxşı xəbər” adlandırıb. Bu, qurama ittihamlara görə jurnalistlərin cinayət təqibinə son qoyulmasına imtina etməklə müşahidə edilməlidir. “Azərbaycanda media azadlığının vəziyyətinin yaxşılaşması üçün hüquq-mühafizə orqanlarına qəti təlimat verilməlidir ki, onların işi jurnalistlərə qarşı hər hansı işin fabrikasiyası deyil, media azadlığının qorunmasıdır. Mən görüşlərimdə birmənalı bildirdim ki, Azərbaycanda media azadlığının vəziyyətinin yaxşılaşması üçün həbsdə olan baş redaktorlar Qənimət Zahid və Eynulla Fətullayev azad edilməlidir. Ölkə prezidenti əvvəllər də bir neçə dəfə jurnalistləri əfv edib və hesab edirəm ki, bu müsbət addım gələcəkdə də davam edə bilər”.
O, yerli FM tezliklərində “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının yayımının bərpasının vacibliyini hökumətin qarşısında qaldırdığını bildirib. “Azərbaycanda məlumat müxtəlifliyinə bu ilin əvvəlində böyük zərbə vurulub. Ona görə ki, xarici radioların yerli tezliklərdə yayımı dayandırılıb. Hesab edirəm ki, xarici radioların yerli FM tezliklərində yayımı bərpa edilərsə fikir azadlığına və müxtəlifliyinə müsbət təsir edə bilər. Radioların yaymı bərpa edilmədən media plüralizmi ilə bağlı vəziyyətin yaxşılaşmasından danışmaq çətin olar”.
İnternetə dövlət nəzarətinin güclənməsi çağırışları ilə bağlı sualın cavabında ATƏT-in xüsusi nümayəndəsi deyib ki, internetin tənzimlənməsinin sərtləşdirilməsi daha böyük neqativ nəticələrə gətirib çıxara bilər. Azərbaycanda internet sonuncu plüralist informasiya mənbəyidir.
”İnternetə məhdudiyyətin və icazə sisteminin tətbiqi yolverilməzdir. İnternetdə məhdudiyyətlər texniki cəhətdən mümkün deyil və yalnız lokal xarakter daşıya bilər. Bir bloga girişi məhdudlaşdırmaq olar, ancaq bu məlumat başqa bloglardan gedəcək” - deyə o, qeyd edib.
ATƏT media azadlığı üzrə xüsusi nümayəndəsi “Ameikanın səsi” radiosuna İranda media azadlığı ilə bağlı bildirib ki, bu ölkədə vəziyyət xoşagələn deyil. “Mən də Sizin kimi, İranda söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı məlumatları internetdən və qəzetlərdən alıram. Amma bilirəm ki, Iranda söz və mətbuat azadlığı sahəsində vəziyyət pisdir, xoşagələn deyil. Burada vəziyyət pisdir və diktatura rejimi hökm sürür” - deyə o, münasibət bildirib.



XS
SM
MD
LG