Accessibility links

Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir


Avropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek Avropada yeni enerji təhlükəsizliyi sistemi yaratmağa çağırıb.
Cənab Topolanek 120 günlük neft və qaz ehtiyatı yaradılmasının və enerji resurslarının alternativ ixrac marşrutlarının axtarılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında münaqişə Avropa Birliyini Avropada enerji təhlükəsizliyinə böyük diqqət yetirməyə məcbur etməlidir. Baş nazir birliyi Xəzər qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq imkanı verən qaz kəmərinin tikintisini «ali prioritetə» çevirməyi təklif edib. Xəbəri Associated Press yayıb.

Azərbaycan prezidenti İlham Əliyev isə dünən Estoniya prezidenti Tomas Hendrik İlveslə danışıqlarda bildirib ki,nəhəng neft və qaz yataqlarına, o cümlədən neft və qazın nəqli üçün artıq müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının şaxələndirilməsində gələcəkdə daha önəmli rol oynayacaq. "Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə qoymuş xarici şirkətlərin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirib. Biz Azərbaycanda əlverişli sərmayə mühitini yaratmışıq. Eyni zamanda, biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər".

Onun sözlərinə görə, Azərbaycan tərəfindən başlanılan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri kimi layihələr enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaradıb. Şaxələndirmə hamı üçün, yəni həm istehsalçılar, həm də istehlakçılar üçün olmalıdır. "Əlbəttə ki, tranzit ölkələr mühüm rol oynamalı və coğrafi yerləşmədən yararlanmalıdır. Hər gün xəbərlərdə izlədiyimiz son hadisələri nəzərə alsaq görürük ki, hazırda bütün bu kimi məsələlərin əhəmiyyəti daha da artır".
XS
SM
MD
LG