Accessibility links

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri həbsxana xəstəxanasına yerləşdirilib, jurnalist isə aclığı davam etdirir


Bu gün Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Milli Təhlükəsizlik nazirliyinin istintaq təcridxanasından Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin xəstəxanasına köçürülüb. Vəkillərin dediyinə görə, cənab Əliyevin səhhəti çox ağırdır və infarkt keçirdiyini istisna etmək olmaz. Vəkillərə sabiq nazirin səhhəti ilə bağlı məlumat verilmir və onunla görüşə imkan yaradılmır. Vəkil İsaxan Aşurov “Amerikanın səsi” radiosuna sabiq nazirin kənar şəxsin köməyi ilə hərəkət etdiyini deyib. Cənab Əliyev 2005-ci il parlament seçkiləri qabağı dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və məhkəmə onu iqtisadi cinayətlərdə təqsirli bilərək 10 il azadlıqdan məhrum edib. Sabiq nazir 2005-ci ilin oktyabrından MTN-in istintaq təcridxanasında saxlanılır. Onun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Cəmil Həsənli “Amerikanın səsi” radiosuna bildirib ki, sabiq nazir həbsdən öncə də ürək ağrılarından əziyyət çəkib. Dünən isə onun anası müalicəsi üçün şərait yaradılması məqsədilə ölkə prezidentinə müraciət edib. MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev cənab Əliyevin Ombudsmanın xahişi ilə tibb müəssisəsinə köçürüldüyünü deyir. O eyni zamanda “Amerikanın səsi” radiosuna sabiq nazirin səhhətinin pisləşməsi ilə bağlı deyilənləri təkzib edib. Öz növbəsində, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıxov cənab Əliyevin müayinəsinin sabah başlanacağını bildirib. “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitin də həbsxanada səhhəti pisləşib. O, yeriyə bilmir, bir necə gün öncə başladığı aclıq aksiyasını davam etdirir. Jurnalistin həyat yoldaşı Rəna Zahidova “Amerikanın səsi” radiosuna bildirib ki, həyat yoldaşının səhhəti ilə bağlı həbsxana rəhbərliyindən məlumat ala bilmir. 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Əsgərov “Turan” agentliyinə Mirzə Sakitin səhhətinin normal olduğunu deyib. Onun sözlərinə görə, satirik-yazarin bu həftə tibb müəssisəsinə köçürülməsi məsələsi həll edilib və jurnalist yaxın günlərdə aclığı dayandıracaq. Ədliyyə Nazirliyi penitensiar xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıxov isə tibbi ekspertlərin yoxlamasından sonra satirik-yazarın tibb müəsissəsinə köçürülmə məsələsinə baxılacağını deyib. Jurnalist 2006-cı ilin yayında narkotiklərin qanunsuz saxlanması ittihamı ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. O həbsini siyasi sifariş adlandırıb və narkotikin həbs edilərkən cibinə atıldığını deyib.
XS
SM
MD
LG