Azərbaycan Jurnalistlər Birliyi, Yeni Nəsil Jurnalistlər Birliyi, “RUH” Jurnalistləri Müdafiə Təşkilatı, “Nəcəf Nəcəfov” Maarifçilik və Xeyriyyə Fondu və Demokratik Jurnalistlər Liqasının daxil olduğu koalisiya KİV-də peşə etikası norma və qanunlarının gözlənilməsi üzrə monitorinq keçirir.
Layihə ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi Kişik Qrantlar Üzrə Demokratiya Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Məqsəd mətbuatın monitorinqinin keçirilməsi yolu ilə mətbuat orqanlarında jurnalist etikası prinsiplərinin gözlənilməsi sahəsindəki obyektiv mənzərəni müəyyən etmək, səciyyəvi pozuntuları üzə çıxarmaq, bu cür pozuntuların səviyyəsini azaltmaq və jurnalistlərin peşə standartlarını yüksəltməkdir.
Monitorinq 01.10.2007-ci ildən başlayıb 30.09.2008-ci ildə sona yetməklə bir illik dövrü əhatə edir.
Monitorinq “Yeni Nəsil” Jurnalistlər Birliyinin hazırladığı prinsiplərlə aparılır. Bu prinsiplər Azərbaycan Jurnalistləri Etik Kodeksinin tələblərinə uyğundur. Kodeksi Azərbayjan jurnalistlərinin 1-ci qurultayında Mətbuat Şurasını təsis edən nümayəndələr qəbul edib. Həmin prinsiplərə görə, mətbuatda yol verildiyi ehtmal olunan bütün peşə etikası pozuntuları 50 kodla simvollaşdırılır. Kodlarla simvollaşdırılmış pozuntular digər etik pozuntularla yaxınlığı və ya müxtəlifliyindən asılı olaraq 13 yarım kateqoriyaya ayrılır. Yarım kateqoriyalar isə üç əsas kateqoriyada əhatə olunur.
Həqiqətə xidmət, dəqiqlik və obyektivlik;
Məlumat mənbəyinə hörmətli münasibət;
Adın qorunması(Şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipi).
Monitorinq respublikada Azərbaycan və rus dillərində dövrü nəşr olunan (həftədə ən azı bir dəfə) 57-59 mətbu KİV-i və 3 internet saytı əhatə edir.