Accessibility links

Rusiya agentliyi Moskva-Bakı-Yerevan arasında video-konfrans keçirib


Rusiyanın “Novosti” Agentliyinin dəstəyi ilə Moskva-Bakı-Yerevan video-konfransı keçirilib. Konfrans Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün yekunlarına həsr edilib. İntellektual müzakirələrdə hər üç ölkənin politoloqları- Moskvadan Siyasi və hərbi təhlil İnstitutunun millətlərarası münasibətlər şöbəsinin rəhbəri Sergey Markedonov, Karnegi Moskva mərkəzinin Elmi Şurasının sədri Dmitri Trenin, Bakıdan Milli Məclisin deputatı Asim Mollazadə, politoloq Fikrət Sadıqov, Yerevandan isə Qafqaz KİV institutunun direktoru Aleksandr İsgəndəryan və deputat Şavarş Köçəryan iştirak edib. Rusiyalı politoloq Sergey Markedonovun fikrincə, görüş faktı özü müsbət haldır, lakin bu görüşdən çox böyük nəticələr gözləməyə dəyməz. Çünki son vaxtlar danışıqlar prosesi "geriləyib". “2007-ci ildə 2006-cı il ilə müqayisədə cəbhədə atışma üç dəfə artıb. Cari il martın 4-5-də atəşkəs rejiminin mövcud olduğu dövrdə ən güclü silahlı qarşıdurma olub. Bundan başqa, tərəflər bir-birini inkar mövqeyində durur”. Azərbaycan Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə bildirib ki, sülh prosesi ona görə bir yerdə dayanıb ki, Ermənistan danışıqların imitasiyası ilə məşğuldur. “Sülh prosesini beynəlxalq ictimaiyyətin diqqətindən kənarlaşdırmaq və onu Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammiti çərçivəsində inhisarlaşdırmaq cəhdləri də narahatlıq doğurur. Münaqişənin nizamlanması beynəlxalq təşkilatların, xüsusən BMT-nin diqqət mərkəzində qalmalıdır, çünki beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Onun fikrincə, Azərbaycan iqtisadi cəhətdən güclənir və regional əməkdaşlığın inkişafı üçün generatordur. “Lakin bu proseslərin inkişafına Ermənistanın xarici siyasəti və hərbiləşməsi əks təsir göstərir. Region ölkələrinin sivil məkana inteqrasiya üçün yaxşı potensialı və şansı var”. Ermənistandan olan politoloq Aleksandr İsgəndəryan münaqişənin həlli üçün zəmin görmür. Onun fikrincə, danışıqlar prosesindən ya üstünlük əldə edilməsi üçün istifadə olunur, ya da imitasiya xarakteri daşıyır. “Münaqişənin həllini hüquqi deyil, siyasi müstəvidə axtarmaq lazımdır. Münaqişə yaranmış siyasi reallıqlardan irəli gələrək həll edilməlidir. Beynəlxalq hüquqa istinadlar effektli deyil”. Rusiyadan olan digər ekspert, Aleksandr Sankov da danışıqlarda mümkün sıçrayışla bağlı bədbinlik ifadə edib. Onun fikrincə, nikbinliyi yalnız öz fəaliyyətinə bəraət qazandırmağa çalışan ATƏT-in Minsk qrupunun həmsədrləri əks etdirir. “Yaxın zamanda hamını qane edəcək həllə nail olunması mümkünlüyü mifdir. Hazırkı halda, yalnız qarşılıqlı etimadın möhkəmlənməsi üzrə tədbirlər həyata keçirilməsindən danışmaq olar. Xüsusən, yerli layihələrin reallaşdırılması mümkündür, məsələn, Şuşa və Ağdamın memarlıq abidələrinin bərpası üzrə. Belə ki, onlar yalnız Azərbaycana məxsus deyil, həm də ümumdünya mədəni irsinin abidələrdir”. Azərbaycanlı ekspertlər hesab edir ki, münaqişə tərəfi Azərbaycan ərazilərini işğal etmiş Ermənistandır. Cənab Mollazadə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə konkret misallar göstərib. “Əvvəlki prezident Robert Köçəryanın prezidentliyə namizədliyinin qeydiyyatına icazə verən məhkəmə qərarında Ermənistan parlamentinin 1989-cu il tarixli "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında" qərarı yer alıb. Bundan başqa, son seçkilərdə Dağlıq Qarabağ ərazisində hərbi hissələrdə səsvermə təşkil olunub, bu səsvermədə Ermənistandan orduya çağırılan əsgərlər səs verib”. Ermənistanın Milli Demokrat Partiyasının lideri Şavarş Köçəryan isə bildirib ki, "nə qədər ki, Azərbaycanda belə yanaşma var, münaqişə həll olunmayacaq". Münaqişənin həllinin təxmini müddətinə gəldikdə isə, cənab Markedonov deyib ki, bunun üçün ilk öncə iki ölkə cəmiyyətinin sosial sifarişi lazımdır, bu isə hələlik müşahidə olunmur. Ermənistan politoloqu Aleksandr İsgəndəryan həmçinin bildirib ki, problemin nə qısa, nə də orta müddətdə həllini görmür. Bu zaman o, Kəşmir, Kipr, Tayvanda münaqişələrin həll olunmaması misallarına istinad edib. Azərbaycan politoloqu Fikrət Sadıqov Qarabağ münaqişəsinin başqa münaqişələrlə, xüsusilə də Tayvan və Çin arasında olan münaqişə ilə müqayisəsini yersiz adlandırıb. “Ermənistan-Azərbaycan münaqişənin həlli üçün şərtlər 7 rayonun azad edilməsi, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusu üzrə müzakirələrin başlamasıdır”-deyə, o qeyd edib.
XS
SM
MD
LG