Accessibility links

Amerika və Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində müzakirələr aparacaq    


Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevlə ABŞ-ın bu ölkədəki səfiri Enn Dersi görüşüb. Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə əsasən regiondakı mövcud hərbi-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə edilib. Cənab Əbiyev bildirib ki, Ermənistanın qeyri-konstruktiv münasibəti münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır. “Bu hal gələcəkdə başqa vasitələrdən istifadə etməyə səbəb ola bilər. Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşa bilməz. İkili standartlar hələ də hökm sürür. Beynəlxalq birlik işğalçının geri çəkilməsi üçün təsirli vasitələrdən istifadə etməlidir”. Mətbuat xidməti bildirir ki, ABŞ səfiri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. “Turan” Agentliyinin məlumatına görə isə bu gün ABŞ dövlət katibinin terrorçuluğa qarşı mübarizə üzrə koordinatorunun köməkçisi Frenk Urbançik Bakıya gəlir. İki günlük səfər zamanı cənab Urbançik terrorçuluğa qarşı mübarizə üzrə ikitərəfli əməkdaşlıq məsələləri və regional problemləri müzakirə edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik “Amerikanın səsi” radiosuna cənab Urbançikin güc nazirlərində görüşlər keçirəcəyini bildirib.
XS
SM
MD
LG