Accessibility links

Azərbaycan NATO ilə fəal tərəfdaşlıq aparır



Bakıda “NATO - tam siyasi kamillik alyansı” mövzusunda konfrans keçirilib. NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi - Rumıniya səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda NATO Baş katibinin müavini Jan Fransua Büro, Azərbaycan xarici işlər, fövqəladə hallar, daxili işlər, milli təhlükəsizlik, müdafiə nazirliklərinin təmsilçiləri, parlamentin deputatları, NATO-ya üzv dövlətlərin Bakıdakı səfirliklərinin təmsilçiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Xarici İşlər Nazirinin müavini Araz Əzimov bildirib ki, bu ilin mayında Azərbaycanın NATO-nun tərəfdaşlıq proqramına qoşulmasının 15 illiyi qeyd ediləcək. “Azərbaycan NATO ilə fəal əməkdaşlıq aparır. 15 ildə əməkdaşlığımız artan xətlə inkişaf edib. Azərbaycan pioner ölkədir. Silahlı Qüvvələrdə islahatlar aparır, NATO-nun ölkədə məlumatvə tədris mərkəzləri yaradılıb. NATO ilə bağlı əhali arasında maarifləndirmə işləri genişlənir”.

Nazir müavini Azərbaycanın da NATO-ya töhfələr verdiyini deyib. “Azərbaycan beynəlxalq sülhyaratma əməliyyatlarında NATO-ya töhfələr verib. Azərbaycan hərbiçiləri Kosovoda və Əfqanıstanda olub, Əfqanıstanda fəaliyyətini davam etdirir. Azərbaycan hazırda imkanlarını bir daha nəzərdən keçirir. Biz texniki və digər yardımları da nəzərdən keçiririk. Bu günlərdə Niderlandla Əfqanıstana kömək barədə müzakirələr keçirilib”.

Cənab Əzimov həmçinin Azərbaycanın gələcəkdə üzvlüklə bağlı hazırlıq işlərini davam etdirdiyini deyib. “Hazırda Azərbaycan üçün üzvlük seçim olaraq qalır. Amma Azərbaycan müəyyən səbəblərdən NATO-ya üzv ola bilmirsə, onda niyə tərəfdaşlığın başqa bucaqlarına nəzər yetirməyək? Tərəfdaşlıqla bağlı yeni layihələr həyata keçirilməlidir. Hesab edirik ki, hazırda NATO-nun diqqəti daha çox müsəlman dünyasına çevrilib. Burada Azərbaycan mühüm əhəmiyyət kəsb edir”.

NATO baş katibinin müavini Jan Fransua Büro NATO-nun Strasburq Sammitinə diqqəti çəkərək deyib ki, alyansın gücü üzvlər və tərəfdaşların əlaqələrindən asılıdır. “Sammit təhlükəsizliyin bölünməz olduğu prinsipini alyansın təməl prinsipi kimi nəzərdən keçirib. Bu isə yeni təhlükəsizlik konsepsiyasına keçid deməkdir. Hazırda NATO bu transformasiyanı həyata keçirməkdədir”.
Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Uroke bu ölkənin xarici işlər nazirinin məruzəsinin konfransa təqdim edib. Nazir regiondakı son hadisələrlə bağlı səfərini təxirə salıb.

Məruzədə deyilir ki, Azərbaycan Cənubi Qafqazda Rumıniyanın çox yaxın tərəfdaşıdır. Rumıniya Azərbaycanda su, ərzaq təhlükəsizliyi, elmi mərkəzlərin əməkdaşlığı və NATO məktəblərinin inkişafı ilə bağlı proqramlar həyata keçirəcək. “Yaxın zamanlarda enerji təhlükəsizliyi, Avroatlantik təhlükəsizlik əməkdaşlığı və başqa mövzularda konfranslar keçirəcək”.

Nazir məruzəsində həmçinin Azərbaycanın NATO ilə tərəfdaşlığının genişləndirilməsi, Avropanın alternativ enerji təhlükəsizliyinin artırılması, NATO-nun Qara dəniz regionunda əməkdaşlığı ilə bağlı məsələlərə də toxunub. “Regiondakı münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Burada söhbət Azərbaycan, Gürcüstan, Moldovadan gedir”.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, NATO-nun alyansa üzvlüyə dair siyasəti çox aydındır. “NATO dəyərlərini paylaşan, üzvlüklə bağlı öhdəlikləri yerinə yetirən və kollektiv təhlükəsizliyə töhfə verən dövlətlər alyansa üzv ola bilər. Belə dövlətlər üçün NATO-nun qapıları açıqdır”.

Səfirin fikrincə, NATO Azərbaycanı öz tərəfdaşı hesab etməkdən qürur duyur. Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstana qədər olan missiyalara verdiyi töhfələr davamlı və peşəkardır. “Azərbaycanın Avroatlantik təsisatlara inteqrasiya etməyə dair strateji seçimi onun müstəqil dövlət tarixində verdiyi ən önəmli qərarlardan biridir”.

Xanım Dersi hesab edir ki, Azərbaycanın NATO ilə əlaqələri təhlükəsizliyi və demokratik dəyərləri gücləndirməklə yanaşı siyasi və hərbi modernizasiya və islahatlar prosesinə dəstək verir. “Avroatlantik inteqrasiya prosesi müxtəlif prinsipləri əhatə edir. Bu prinsiplərin ən önəmlisi demokratik hökumətin yalnız dövlətin ərazisini deyil, həmçinin dövlətin hər bir vətəndaşının şəxsi azadlığını qorumaqdan ibarətdir. Bu alyansın inandığı bir amil və ümumi dəyərdir”.

XS
SM
MD
LG