Accessibility links

Azərbaycan daxili işlər nazirliyi hüquq müdafiəçisinə qarşı iddiasını geri götürüb


Daxili İşlər naziri Ramil Usubov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı iddiasını geri götürüb. Bu səbəbdən də Yasamal rayon məhkəməsi işə xitam verib.

Xanım Yunusa qarşı 2008-ci ilin dekabrında day.az saytına verdiyi müsahibəyə görə iddia qaldırmışdı. İddiada bildirilir ki, hüquq müdafiəçisi müsahibəsində polisin təhqirinə yol verib.

Daxili İşlər nazirliyinin katibliyinin hüquq şöbəsinin rəisi İlham Yusifov bildirib ki, xanım Leyla Yunus bu ilin fevralında çap edilən "Bu insanların ruhları rahatlıq tapmalıdır" başlıqlı müsahibəsində Daxili İşlər Nazirliyinin ona qarşı qaldırdığı iddia ilə bağlı sualın cavabında Azərbaycan polisinin müsbət fəaliyyətini qeyd edərək, polisin şərəf və ləyaqətini ləkələmək və onu nüfuzdan salmaq məqsədi daşımadığını bildirib. "O müsahibəsində deyib ki, əvvəlki çıxışını ümumilikdə polisin fəaliyyətinə şamil etməyib, ayrı-ayrı polis əməkdaşları tərəfindən cinayət əməllərinin törədilməsini qeyd edib. Polisdə bu gün vicdanlı və alicənab əməkdaşlar xalqına və vətəninə sədaqətlə xidmət edir. Daxili İşlər Nazirliyi xanım Leyla Yunusun bu təkzibini qəbul edib. Bununla da DİN iddiasını təmin olunmuş hesab edərək, humanistlik naminə məhkəmədə mülki iddiasından imtina edib", - deyə o qeyd edib.

Vəkili İsaxan Aşurov Daxili İşlər nazirinin iddiasını geri götürməsini müsbət qiymətləndirib. Vəkilin fikrincə, nazirin hərəkəti Avropa hüquq normasına tam uyğundur.

Xanım Yunus da nazirin hərəkətini müsbət qiymətləndirib. Onun fikrincə, iddianın geri götürülməsi qanun çərçivəsində baş verib.


XS
SM
MD
LG