Accessibility links

Şimali Qafqazda gərginlik artacaq


Son zamanlar Şimali Qafqazda baş verən çoxsaylı terror aktları artıq geniş vüsət almaqdadır. Belə ki, son ay ərzində İnquşetiyanın prezidentinə, Dağıstanın Daxili İşlər nazirinə qarşı terror törədilib. Nəticədə prezident ağır yaralanıb, nazir isə həlak olub. Bu gün isə İnquşetiyanın Nazran şəhərində milis idarəsi partladılıb. Partlayış zamanı ilkin məlumatlara görə 20 nəfər həlak olub, 20 nəfərin dağıntılar altında qaldığı güman edilir, 1348 nəfər isə xəsarət alıb.
Politoloq Qabil Hüseynli “Amerikanın səsi” radiosuna müsahibəsində, terror aktlarının səbəbini Rusiya mərkəzi hakimiyyətinin milli azlıqların azadlıqlarını əlindən alması və onlara qarşı ayrıseçkilik siyasəti yeritməsin ilə əlaqələndirir. “Rusiya hakimiyyəti hazırda milli azlıqların son illər qazandıqları kiçik azadlıqları da əlindən alır. Onların ana dili, mədəniyyətləri sıxışdırılır. Siyasi hakimiyyət uğrunda mübarizə apara bilmirlər, sosial-iqtisadi cəhətdən diskriminasiyaya məruz qalırlar”.
Cənab Hüseynli hesab edir ki, yerli xalqlar hazırda apardıqları mübarizəni azadlıq hərəkatı kimi xarakterizə edir. “Rusiya mərkəzi hakimiyyəti xalqlara qarşı münasibətində dəyişikliklər etməzsə, bu hərəkatlar güclənəcək və bütün Şimali Qafqazı bürüyəcək”.
Politoloqun fikrincə, Şimali Qafqazdakı hərəkat Gürcüstan və Azərbaycana qarşı yönəlməyib. Əksinə bu hərəkat genişlənərsə Rusiyanın Cənubi Qafqazda təsirlərini zəiflədə bilər”.


XS
SM
MD
LG