Accessibility links

«Xəzərneftqazyataq-2006» mövzusunda beynəlxalq elmi konfrans keçirilir


Bakıda «Xəzərneftqazyataq-2006" mövzusunda iki günlük beynəlxalq elmi-praktiki konfrnas açılıb. Tədbir Beynəlxalq Şərq Neft Akademiyası, Azərbaycan Sənaye və Energetika nazirliyi, "Neftin, qazın geotexnoloji problemləri və kimya" elmi-tədqiqat institutu və Dövlət Neft Şirkətinin təşəbbüsü ilə keçirilir. Konfransda dünyanın aparıcı neft şirkətlərinin, MDB məkanındakı elmi instutların əməkdaşları, ekspertlər iştirak edir. Sayca yeddinici olan beynəlxalq konfransın ilk təşəbbüsçüsü və təşkilatçısı neft sahəsində dünyada tanınmış mərhum akademik Azad Mirzəcanzadə olub. Sənaye və Energetika naziri Natiq Əliyev bildirib ki, ölkədə neft gəlirləri hər il 50-60 faiz artır. Onun sözlərinə görə, son on ildə Azərbaycan neft hasilatının bərpası üçün praktiki işlərlə məşğul olub. Nazir neft və qaz sahəsində uğurlarla yanaşı problemlərin olduğunu da deyib. O hesab edir ki, son 12 ildə perspektiv strukturlarda kəşfiyyat sahəsində böyük uğurlardan danışmaq olmaz. BP şirkətinin eksperti Pol Klayn təmsil etdiyi şirkətin Xəzərin cənubunda gələcəkdə tədqiqatlara başlamaq üçün biliklərini dərinləşdirdiyini deyib. «Şahdəniz" yatağı istismara verildikdən sonra, "İnam" perspektiv strukturunun öyrənilməsinə başlanacaq. Biz, eyni zamanda "Şahdəniz" yatığının istismarında istifadə olunan quyu dizaynının tətbiqinə başlayacağıq». ARDNŞ-in prezidenti Rövnəq Abdullayev 1 trilyon kubmetrdən çox qaz və 300 mln ton kondensat ehtiyatı olan "Şahdəniz" yatağının yaxın zamanda istismara veriləcəyini bildirib. Onun dediyinə görə, Azərbaycan 2005-ci ildə 22 milyon ton neft hasil edib, 2006-cı ildə isə 30 mln ton neft hasil ediləcəyi gözlənilir. ARDNŞ-nin prezidentinin sözlərinə görə, şirkət əlavə olaraq qaz hasilatını 2006-cı ildə 500 mln kub metr, 2007-ci ildə isə 1 mlrd kub metr artıracaq. Cənab Abdullayev neft məhsulları emalı sahəsində də yüksəlişə nail olunduğunu diqqətə çatdırıb. O yaxın zamanda Xəzərdəki bir sıra neft-qaz strukturlarında kəşfiyyat işlərinin başa çatdırılaraq istismara veriləcəyini bildirib. Şirkət rəhbəri hesab edir ki, kəşfiyyat və tədqiqat işlərində elm xadimlərinin üzərinə böyük məsuliyyət düşür. ARDNŞ-nin prezidenti neftlə çirklənmiş torpaqların təmizlənməsinə başlandığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı buxtasının təmizlənməsi də qarşıda duran məsələrdəndir. Cənab Abdullaev yaxın müddətdə Azərbaycanda dünya standartlarına cavab verəcək benzininin buraxılacağını da bildirib. Konfransda neft və qaz yataqlarının işlənməsi, neftin və qazın nəqli, neft-mədən qurğuları və avadanlıqları ilə bağlı məruzələr də dinlənilib.
XS
SM
MD
LG