Bakı-Rusiya, Bakı-Şamaxı, Ələt-Astara
avtomobil yollarının tikintisi davam etdirilir. Bu barədə nəqliyyat nazirinin
müavini Musa Pənahov jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Bakı-Rusiya yolunun birinci
hissəsi gələn ilin ortalarında təhvil veriləcək. Gələn ilin əvvəlindən isə həm
də yolun qalan hissəsinin Gəndobdan Rusiya sərhəddinədək olan hissəsinin
tikintisi davam etdiriləcək. Nazir müavini Ələt-Astara yolunun 22 kilometrində
artıq tikinti işlərinin başa çatdığını deyib. “Yolun digər hissələrində gələn
ilin əvvəllərində tikinti işləri başlayacaq”. Onun dediyinə görə, Bakı-Şamaxı
yolu isə gələn ilin ortalarında tam istismara veriləcək. “Sonra isə yolun
Muğanlı-Yevlax hissəsi bərpa olunacaq”.
M.Pənahov Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə və
Gürcüstan hissəsində tikinti işlərinin davam etdirildiyini bildirib. Onun
sözlərinə görə, son aylar bu ərazidə aramsız yağışlar işlərin bir qədər
gecikməsinə səbəb olub. “Hazırda əsasən torpaq işləri görülür”. Yolun tikintisi
üçün Gürcüstanla 200 milyon dollar məbləğində kredit sazişi imzalanıb. “Ola
bilər ki, qiymətlərin artımı ilə bağlı layihənin yenidən qiymətləndirilməsi
olsun”.
Musa Pənahov bildirib ki, paytaxt Bakıda
əhaliyə sərnişindaşıma xidməti yüksək səviyyədə olmalıdır. Onun sözlərinə görə,
yüksək xidmətin həyata keçirilməsi Nəqliyyat Nazirliyinin əsas siyasətidir.
“Bunun üçün ilk öncə yeni yollar, körpülər, piyada keçidləri, yol keçidləri
salınır, yeni avtobuslar istismara verilir, xidmət səviyyəsi yüksəldilir, yollarda
qaydalarda dəyişikliklər edilir. Nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkəti
təmin edilir”.
Nazir müavini indiyədək minədək yeni avtobusun xəttə
buraxıldığını bildirib. “Bundan sonra da yeni avtobusların gətirilməsi davam
etdiriləcək”. M.Pənahovun sözlərinə görə, Bakıda nəqliyyatın tənzimlənməsi və
marşrutların optimalaşdırılması üzrə də hazırda işlər aparılır. “Prezidentin
sərəncamı ilə Bakıda nəqliyyatın idarə olunmasının intellektual idarəetmə
mərkəzi yaradılır. Bu layihə iki il ərzində həyata keçiriləcək”.