Accessibility links

Con Neqroponte Bakıda Rusiyaya çağırış edib


ABŞ Dövlət katibinin müavini Con Neqroponte Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O, səfər zamanı, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə danışıqlar aparıb, Səngəçal terminalına baş çəkib. Cənab Neqroponte Azərbaycana sadə bir ismarıcla gəldiyini bildirib. “Bu ABŞ-la Azərbaycan arasında olan münasibətlərin dostluq ruhunda gücləndirilməsi niyyətinin yenidən təsdiqlənməsidir. Vitse-prezidenti Dik Çeyni buraya bir ay öncə etdiyi səfər zamanı qeyd etdiyi kimi, ABŞ-ın Azərbaycanın və onun Cənubi Qafqaz qonşularının əmin-amanlığına və təhlükəsizliyinə dair dərin və davamlı marağı var. Bu vacib maraqları paylaşırıq və müxtəlif mühüm məsələlər üzərində sıx əməkdaşlıq edirik”. Onun sözlərinə görə, ABŞ və Azərbaycan regional və qlobal sabitlik sahəsində tərəfdaş kimi çalışır. “Amerikalı və Azərbaycanlı əsgərlər çiyin-çiyinə İraqda və Əfqanıstanda xidmət edir. Azərbaycanın bu kimi təhlükəsizlik prioritetlərinə verdiyi töhfələr Amerika hökuməti və Amerika xalqı tərəfindən yüksək qiymətləndirilir. ABŞ həm bizim təhlükəsizlik sahəsində olan əməkdaşlığımızı. Həm də Azərbaycanın müdafiə sistemində, NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı da daxil olmaqla, keçirilən islahatlara yardım işini davam etdirəcək”. Cənab Neqroponte bildirib ki, ABŞ uzun müddətdir Cənubi Qafqaz bölgəsi və Avropa arasında əlaqə yaradan mühüm strateji enerji layihələri üzərində tərəfdaşlıq edir. “Dünən Səngəçal terminalında oldum. Orada ilk dəfə Cənub Dəhliz layihələrini Avropada və Avropadan kənarda enerji təhlükəsizliyini necə gücləndirdiyini gördüm. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz kəmərlərini əhatə edən tərəfdaşlığımız Türkiyə-Yunanıstan-İtaliya və NABUCCO təbii qaz kəmərlərinə nəzərimizi yönəltdiyimiz vaxtda daha da dərinləşir. Tərəfdaşlarımız həmçinin tranzit imkanlarının genişlənməsi və bu vasitə ilə Avropa və qlobal bazarlarına enerji təchizatının diversifikasiya fonunda da möhkəmlənir”. Dövlət katibinin müavini Azərbaycanda prezident seçkilərinə də toxunub. ”Mən Azərbaycana prezident seçkilərinə iki həftə qalmış səfər edirəm. Biz Azərbaycan hökumətinin azad və ədalətli seçkilər keçirilməsinə dair öhdəliyini tanıyırıq. Oktyabrın 15-i Azərbaycan üçün vacib bir imkandır. Bu Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən azad, ədalətli və şəffaf kimi qiymətləndirilən seçkilərin keçirilməsi vasitəsilə demokratik islahatlara dair öhdəliyi nümayiş etdirmək imkanıdır”. Cənab Neqroponte bölgədəki münaqişələrdən danışarkən deyib ki, ABŞ-ın 2 ay öncə bölgədəki münaqişələrin dondurulmuş vəziyyətdə olduğunu müşahidə edirdi. “Rusiyanın Gürcüstana hücumuna bəraət qazandırmaq olmaz. Biz Rusiyanı prezident Sarkozinin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsə tam əməl etməyə çağırırıq. ABŞ və bizim Avropadakı tərəfdaşlarımız aydın bəyan edib ki, Gürcüstanın Azərbaycanın və Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”. Onun dediyinə görə, hazırkı şəraitdə ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini həmişəkindən daha çox istəyir. “Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ illər boyu bu münaqişənin həllinə yardım etmək üçün çalışıb. Biz ərazi bütövlüyü prinsipini əsas tutan və digər beynəlxalq prinsipləri nəzərə alan münaqişənin razılaşdırılmış həllinin əldə olunmasının tərəfdarıyıq. Münaqişənin həlli bölgədə sülhün və sabitliyin, həmçinin Azərbaycanın təhlükəsizliyinin güclənməsinə gətirib çıxarar”-deyə o bəyan edib. Dövlət katibinin müavini Azərbaycanda 3 jurnalistin həbsdə olması ilə bağlı sualın cavabında qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsinin vacibliyini önə çəkib. Onun fikrincə, Azərbaycanda nəzərə çarpacaq demokratik inkişaf və iqtisadi yüksəliş var. “Ancaq problemlər də var. Bu problemlərdən biri də jurnalistlərlə bağlıdır. Biz insan hüquqları ilə bağlı danışıqlar çərçivəsində bu məsələləri qaldırırıq”. O, “Amerikanın səsi” radiosunun Azərbaycana aktiv hərbi müdaxilə olarsa ABŞ-ın bu ölkəni aktiv hərbi müdafiəsi ola bilərmi sualına cavabında Amerikanın Azərbaycanın, Gürcüstanın və Ermənistanın ərazi bütövlüyünü tanıdığını deyib. “İkitərəfli əməkdaşlığımızın məqsədi Azərbaycanı gücləndirməkdir. Azərbaycanla təhlükəsizlik sahəsində sıx əməkdaşlıq həyata keçiririk. Azərbaycanın İraqda və Əfqanıstandakı töhfələrini çox yüksək qiymətləndiririk. Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərimizdə Azərbaycanın Əfqanıstanda davamlı töhfələri və yardımının artırılmasından danışdıq. Təhlükəsizliklə bağlı digər sahələrdə də Azərbaycanla əməkdaşlığa hazırıq”. O, Gürcüstan ssenarisinin Azərbaycanda təkrarlanması ehtimalı ilə bağlı sualın cavabında Gürcüstanın zərərçəkən ölkə olduğunu deyib. “ABŞ və onun Avropa tərəfdaşları Gürcüstana böyük yardım ayırıb və Gürcüstanın bərpası ilə bağlı yardımlar davam etdiriləcək. ABŞ həmçinin bölgə ölkələrinə yardımı ilə bağlı ismarıclarını da göndərib. Bu ismarıcları vitse-prezident Dik Çeyni Azərbaycana səfəri zamanı səsləndirib. Rusiyaya da ismarıc göndərmişik. Onun hərəkətləri 21-ci əsrlə səsləşmir. Bu ismarıc həm də ərazi bütövlüyünə hörmətdir. Bu isə beynəlxalq siyasətdə ən yaxşı yoldur”. Cənab Neqroponte Türkiyənin Qafqazda sabitlik və təhlükəsizlik platforması ilə bağlı sualın cavabında bildirib ki, Türkiyə bölgədə böyük və mühüm rola malik dövlətdir. “Türkiyənin Ermənistanla təması ABŞ-da müsbət qarşılanır. Ancaq digər dövlətlər də var ki, töhfəsini verə bilər. Belə ki, Azərbaycan və Ermənistan da bölgədə böyük mövqeyə malikdir. Dağlıq Qarabaş münaqişəsi həll olunduqdan sonra bu dövlətlərdə potensialını realizə edə bilər”.

XS
SM
MD
LG