Accessibility links

ABŞ dövlət katibinin müavini Con Neqroponte Bakıya gəlir


ABŞ Dövlət katibinin ən yüksək vəzifəli müavini Con Neqropontenin sabah Bakıya səfəri başlayır.

Oktyabrın 3-dək davam edəcək səfər zamanı cənab Neqroponte hökumət, biznes və beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşəcək, geniş formatda ikitərəfli və regional məsələləri müzakirə edəcək.

ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson bildirib ki, görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, enerji, təhlükəsizlik, regional problemlər və demokratiya məsələləri müzakirə olunacaq. Dağlıq Qarabağ münaqişəsi isə ayrıca müzakirə mövzusu olacaq. Cənab Devidson bildirib ki, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Ağ evdə Dağlıq Qarabağ probleminin həllinə imkan daxilində tez bir zamanda nail olmağı düşünürlər.

Azərbaycanda ABŞ Dövlət katibinin müavinin səfərinə böyük ümidlə yanaşırlar. Politoloqlar hesab edir ki, nəhayət Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ABŞ-la Azərbaycan hərbi müttəfiqlik barədə danışıqlara başlamalıdır. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, “Xəzər” Araşdırmalar mərkəzinin rəhbəri Vəfa Quluzadə hesab edir ki, Azərbaycan Rusiyanın hərbi bazalarının əhatəsindədir. Məhz bu səbəbdən də ABŞ-Azərbaycan hərbi əməkdaşlığı aktiv mərhələyə keçməlidir.

Politoloqun fikrincə, regional əməkdaşlıq sahəsində əsas mövzu Azərbaycan-Gürcüstan-ABŞ birliyinin yaradılması və GUAM-ın möhkəmləndirilməsi məsələsi olmaldır.

Cənab Quluzadənin fikrincə, regionda indiki anda ən böyük mənbəyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasıdır. Çünki, burada Rusiya Ermənistan faktorundan istifadə edərək regional təhlükəsizliyə ciddi zərbə vura bilər.

İqtisadcı ekspertlət iki ölkə arasında biznes əlaqələrinin inkişafda olduğunu vurğulayır. Bununla yanaşı, ABŞ-Azərbaycan ticarət əlaqələri o qədər də yüsək deyil. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu biznes və ticarət əlaqələrinin əsasən neft sektoruna aid olduğunu deyir. Onun fikrincə, iki dövlət arasında qeyri-neft sektorunda da əlaqələrin inkişafı üçün geniş spektr var.

Ekspertlər hesab edir ki, ikitərəfli münasibətlərdə ən ciddi maraq doğuran məsələlərdən biri də Azərbaycanda demokratik institutlarının inkişafı ilə bağlıdır. Bu barədə Amerika tərəfi Azərbaycanla bağlı dəfələrlə mənfi tendensiyalı bəyanatlarla çıxış edib. Politoloq Hikmət Hacızadə hesab edir ki, danışıqlarda demokratik seçki keçirilməsi, mətbuat azadlığı, siyasi məhbus məsələlərinə də toxunulacaq.

Politoloq eyni zamanda bu sahədə ABŞ-ın Azərbaycana təsir etmə imkanlarının olmadığını düşünür.

XS
SM
MD
LG