Accessibility links

Azərbaycan nüvə tədqiqat reaktoru tikmək istəyir


Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Andrey Çurovun Azərbaycana səfəri başlayıb. Səfər zamanı Radiasiya Problemləri İnstitutunda elmi kadrların hazırlanması, rəsmi Bakının yaxın zamanlarda ölkə ərazisində radiasyon sterilizə qurğusu və nüvə tədqiqat reaktoru tikmək barədə layihəsinin səmərəliliyi müzakirə edilir. Bu gün cənab Çurov Azərbaycan Nazirlər Kabinetində, Xarici İşlər nazirliyində və Onkologiya institutunda görüşlər keçirib. Cənab Çurov bildirib ki, ilk nüvə tədqiqat reaktorunun tikintisinə dair Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Azərbaycan hökuməti arasında razılıq əldə edilib. “Agentlik xüsusilə nüvə reaktorunun tikilməsində Azərbaycana yardım göstərəcək. Əsas məqsədimiz milli kadrların hazırlanmasına kömək etmək, nüvə reaktorunun elmi texniki məqsədlər üçün istifadəsini təmin etmək və reaktoru nüvə izotoplarının istehsalı üçün uyğunlaşdırmaqdır. Bu izotoplar tibbi məqsədlər üçün, xüsusilə xərçəng xəstəliklərinin müalicəsində istifadə olunacaq. 2009-cu ildən başlayaraq yerli mütəxəsislərlə birgə layihənin təhqiqatını aparacağıq. Buraya həm texniki, həm iqtisadi, həm də siyasi imkanlar daxildir. Müzakirələrdən sonra yekun hesabat hazırlanacaq. Bundan sonra isə Azərbaycan hökuməti reaktorun tikilib tikilməyəcəyi barədə qərara qəbul edəcək»- deyə o qeyd edib. Öz növbəsində, Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı layihə bu il martın sonlarında tam hazır olacaq. “İlkin razılığa görə, Azərbaycanda nüvə tədqiqat reaktoru 20-25 MVt gücündə olacaq. Layihənin qiymətləndirilməsi və yeri müəyyənləşdirildikdən sonra, agentliyin nümayəndəsii aprelin əvvəllərində yenidən Azərbaycana gələcək. Layihənin dəyəri, əsasən, hansı ölkənin reaktorunun alınacağından asılı olacaq. Dünyada ən müasir və təhlükəsiz reaktorlar Kanada, ABŞ və Rusiya nüvə reaktorları hesab olunur”. İnstitut direktoru həmçinin gələcəkdə Azərbaycanda Atom Elektrik Stansiyasının da tikilməsi məsələsinin müzakirə olunacağını deyib.
XS
SM
MD
LG