Accessibility links

Səfir Enn Dersi: Azərbaycan və Qafqaz ABŞ-ın yürütdüyü siyasətin fokusunda qalacaq


ABŞ səfirliyi Bakıda Amerika seçkilərini canlı yayımda izləmək üçün mərasim təşkil edib və mərasimə çoxsaylı diplomat, siyasi partiya rəhbəri, hüquq müdafiəçiləri, ziyalılar və ictimaiyyətin nümayəndələri qatılıb.

Səfir Enn Dersi bildirib ki, seçkilərin uğurla başa çatması anı bütün amerikalılar üçün çox xoşbəxt və tarixi əhəmiyyət daşıyan bir məqamdır. “Amerika xalqı öz sözünü deyib. ABŞ-da mövcud idarəetmə sistemini xalq yaradır və xalq tərəfindən idarə edilən hakimiyyət sistemində amerika xalqı öz prezidentini seçib. Cənab Obama deyib ki, seçkilər ABŞ-ın bərabərlik, imkanlar və eyni zamanda, tükənməz ümid mənbəyi mənasını daşıyan dövlət olduğunu yenidən nümayiş etdirib”.

Onun fikrincə, ABŞ-da seçkilər və sistem ədalətliliyi ilə seçilir. “Namizədlərin ideyalarını irəli sürməsi nəticəsində xalq seçimini edib. Bundan sonra da ABŞ dünyada güclü dövlət nüfuzunu inkişaf etdirəcək. Bu demokratiyanın əyani təzahürüdür. Bu, elə idarəçilik sistemidir ki, insanlar üçün yaradılıb, insanlar tərəfindən həyata keçirilir və insanların amalına xidmət edir”.
Xanım Dersi bildirib ki, ABŞ-ın xarici siyasəti, o cümlədən bütövlükdə siyasəti sülh, azadlıq, sabitlik, tərəqqiyə xidmət edir. “Xarici siyasətdə məqsədlərimiz eyni olaraq qalacaq. Ancaq məqsədlərin yerinə yetirilmə üslubları yeni administrasiya tərəfindən seçiləcək. Dünyanın bu bölgəsi son zamanlar beynəlxalq icmanın nəzərini kifayət qədər cəlb edir. Düşünürəm ki, bu region, o cümlədən Azərbaycan və Qafqaz ABŞ-ın yürütdüyü siyasətin fokusunda qalacaq”.
Onun dediyinə görə, ABŞ və Azərbaycan arasında çox geniş əməkdaşlıq və tərəfdaşlıq mövcuddur. “ABŞ və Azərbaycan arasında çox dərin və möhkəm münasibətlər var. Buna bənzər tərəfdaşlıq və dialoqlar, o cümlədən iqtisadi, enerji, təhlükəsizlik, demokratiya və azadlığın inkişafı sahəsində əməkdaşlıq gələcəkdə də davam etdiriləcək”.

Barak Obamanın ABŞ prezident seçilməsi Azərbaycanda birmənalı müsbət qarşılanır.

Politoloq Vəfa Quluzadə cənab Obamanın prezident seçilməsinin dünyada köklü dəyişikliklərə səbəb olacağını düşünür.

Hüquq müdafiəçisi Murad Sadəddinov yeni dövrdə ABŞ siyasətində Azərbaycanda insan hüquqlarının enerji maraqlarını üstələyəcəyini güman edir. Çünki demokratlar dövründə dünyada insan haqları daha önəmli yer tutub.

“Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Barak Obamanın prezidentliyi dövründə transxəzər qaz və neft kəmərləri reallaşacaq. Onun fikrincə, cənab Obama ABŞ-ın Xəzər hövzəsi rayonunda siyasətini daha da irəli aparacaq.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli cənab Obamanın xarici siyasət kursunda Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı məsələnin uğurlu sonluq tapmasını istəyir. Cənab Bədəlbəyli eyni zamanda yeni prezidentin bu barədə seçkiqabağı bəyanatlarından narahatdır.

Dinşunas alim Nəriman Qasımoğlu Barak Obamanın prezident seçilməsinin dünya boyu demokratiyanın, vicdan azadlığının inkişaf tarixində mühüm mərhələ kimi yadda qalacağını güman edir.

XS
SM
MD
LG