Accessibility links

Azərbaycanın səhiyyə müəssisələrinə 26 milyon insan müraciət edib


Son 5 ildə 80 tibb müəssisəsi tikilib və ya yenidən qurulub. Səhiyyə büdcəsi 4 dəfə artıb. 9 dövlət proqramı həyata keçirilir. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, son illər xəstəxanalarda təminat yaxşılaşıb, müalicə və dərman təminatı sahəsində ciddi irəliləyişlər baş verib. Belə ki, pullu tibbi xidmət ləğv edildikdən sonra tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb. Nazir təcili tibbi yardım sahəsində də dövlət qayğısının sürətlə artırıldığını diqqətə çatdırıb. Onun dediyinə görə, bu ildən regionların da müasir maşın və avadanlıqlarla təminatına başlanacaq. Cənab Şirəliyev bildirib ki, onkoloji xəstələrin kimyəvi preparatları, şəkərli diabet xəstələrin müalicəsi və dərmanları pulsuzdur. Hazırda ölkədə 1100 böyrək çatışmazlığı olan xəstənin 700 nəfəri pulsuz gemodializ edilir, qalanları isə ilin sonunadək bu xidmətdən pulsuz istifadə edəcək. 70 min isə şəkərli xəstə qeydiyyatdan keçib. Nazir dərman bazarında xaos olduğunu deyib. Onun sözlərinə görə, dərmanların 80 faizi qeydiyyatdan keçirilmir. Amma hazırda 3500 adda dərman qeydiyyatdan keçirilib və keyfiyyətinə zəmanət verilib. Müxalifətdə olan “Müsavat” partiyasının səhiyyə komissiyasının sədri, tibb elmləri doktoru Adil Qeybulla “Amerikanın səsi” radiosuna bildirib kİ, pulsuz tibbi xidmət bütün sahələri tam əhatə etmir. Ancaq pulsuz tibbi xidmətə keçid mühüm addımdır. Nazir Oqtay Şirəliyev səhiyyə sistemində 100 min insanın çalışdığını bildirib. Cənab Qeybulla isə səhiyyə işçilərinin əmək haqqının çox aşağı olduğunu deyib. Komissiya sədri həmçinin xəstəliklərin monitorinqinin aparılmadığını deyib. Onun fikrincə, səhiyyə büdcəsinin artırılması, səhiyyə sığortasının tətbiqi də vacibdir.
XS
SM
MD
LG