ABŞ-ın energetika nazirinin müavini Daniel Paneman Azərbaycana iki günlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Nazir müavini prezident İlham Əliyev, xarici işlər, energetika və sənaye nazirləri, Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin prezidentləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq enerji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
O bildirib ki, danışıqlarda Azərbaycana, Xəzər regionuna və dünyaya təsir edən enerji məsələləri haqqında dərin və məzmunlu fikir mübadiləsi aparılıb. “ABŞ və Azərbaycan enerji sahəsində uzun və məhsuldar əməkdaşlıq tarixinə malikdir. Ümid edirik ki, hər iki tərəfə faydalı olan bu əlaqələr davam edəcək. Enerji təminatının diversifikasiyasında əsas iştirakçı olan Azərbaycan həm özünün, həm də dostları və müttəfiqlərinin enerji təhlükəsizliyini təkmilləşdirib. Yaxınlarda əsrin müqaviləsinin 15-ci ildönümünü qeyd edilib. Bu saziş bütün tərəflər üçün kompromislər tələb edən və illərlə aparılan danışıqlar nəticəsində ərsəyə gəlib. Sazişin gerçəkləşməsi və BTC boru kəmərinin tikintisinin başa çatdırılması Azərbaycanda misli görünməyən artım və inkişafa gətirib çıxarıb”.
Nazir müavini hesab edir ki, hazırda Azərbaycanın enerji sahəsində səylərini genişləndirmək və Xəzər qazını Gürcüstan və Türkiyə vasitəsi ilə beynəlxalq bazarlara daşıyacaq Cənub dəhlizini dəstəkləmək imkanı var.
“Azərbaycanın böyük neft və təbii qaz ehtiyatları onu qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevirib. Enerji resurslarının və bazarlarının diversifikasiyası Azərbaycanı öz iqtisadi artım və inkişafının davam etdirilməsi üçün geniş imkanlarla təmin edəcək”.
Cənab Panemanın fikrincə, Amerika və Azərbaycan enerji təhlükəsizliyi ilə bağlı bir sıra problemləri aradan qaldırmaq üçün birgə çalışmalıdır. “Xəzərin enerji ehtiyatlarını yeni boru kəməri marşrutu ilə bir neçə ölkəyə daşımaq heç də asan olmayacaq. Çətinliklərə baxmayaraq Azərbaycan yeni bazarlara çıxış əldə etmək üçün qonşu ölkələrlə işləməkdə öz liderliyini saxlayır. Bu gün keçirilən görüşlərdə biz, Azərbaycanda fəaliyyət göstərən tərəfdaşlarımızı bu perspektivi həqiqətə çevirəcək sazişlər çərçivəsində işləməkdə davam etməyə həvəsləndirmişik. Biz həmçinin bazarlara yeni neft və qazın gətirilməsi üçün yeni sistemlərin, o cümlədən Qazaxıstan və Azərbaycan arasında Nəqliyyat Sisteminin yaradılması və mövcud tranzit marşrutlarının genişləndirilməsinə kömək edəcək qonşu ölkələrlə enerji əlaqələrinin yaradılmasını bir daha vurğuladıq. Hesab edirik ki, Qazaxıstan nefti Azərbaycan vasitəsi ilə Cənub dəhlizi ilə qərb bazarlarına daşına bilər. Hazırda bu layihələr üzərində dövlətlər və şirkətlərin iştirakı ilə mürəkkəb danışıqlar gedir. Ümid edirik ki, kommersiya maraqları nəzərə alınmaqla danışıqlarda müəyyən nəticələr əldə ediləcək”.
O, eyni zamanda Azərbaycanla Amerikanın bərpa edilən enerji üzrə əməkdaşlıq edəcəyini deyib. “Azərbaycan artıq Energetika nazirliyi nəzdində “Bərpa edilən enerji” agentliyi yaradıb. Biz bu agentliklə əməkdaşlıq edəcəyik”
Nazir müavini Azərbaycanı nüvə materiallarının yayılmasına nəzarət etmək üçün beynəlxalq səyləri artırmaqda böyük müttəfiq adlandırıb.“İkinci müdafiə xətti proqramında Azərbaycanın liderliyi və Qara dəniz təşəbbüsü və malların identfikasiyası proqramı, nüvə fəlakətlərinin qarşısının alınmasında Azərbaycan rəhbərlərinin öhdəliyinin bariz nümunəsidir. Səfər zamanı bu mühüm proqramlar üzrə səyləri genişləndirmək və əməkdaşlıq imkanlarını müzakirə etdik”.
O suallara cavabda Nabucco layihəsinin həyata keçəcəyinə inandığını bildirib. “Bununla bağlı danışıqlar davam edir, gələcəkdə də davam edəcək və düşünürəm ki, nəticəsi müsbət olacaq. İlk öncə açıq və şəffaf bazar, enerjinin daşınması sistemi yaradılmalıdır. Nabucco üçün mənbə Şahdəniz yatağı və Türkmənistanın Xəzərdəki yataqları ola bilər. Bu sahədə hələ kommersiya, hüquqi və siyasi sahədə suallar var. Bunlar həllini tapmalıdır.”
Cənab Paneman həmçinin Amerikanın Şahdəniz qazıının qiymətləri ilə bağlı Azərbaycan-Türkiyə danışıqlarını çox diqqətlə izlədiyini bildirib. “Elə münasibətlər qurulmalıdır ki, işlək və davamlı olsun, Türkiyə və Azərbaycanı qane etsin. İki dövlət arasında danışıqlar illərdir davam edir və müsbət olacağını gözləyirik”.
Nazir müavini “Amerikanın səsi” radiosunun İranın nüvə proqramının regiondakı enerji dəhlizlərinə təhlükələri ilə bağlı sualının cavabında bildirib ki, İranın nüvə proqramı nəinki region, həm də dünya üçün narahatlıq yaradır. “2002-ci ildə İranın nüvə proqramı aşkarlandıqdan sonra beynəlxalq ictimaiyyəti narahat etməyə başlayıb. İran beynəlxalq öhdəliklərə əməl etməyib və ona qarşı BMT-nin qərarı ilə sanksiyalar tətbiq edilir. Hazırda İranda daha bir sentrofuqa aşkarlanıb və bu dünyanın yeni narahatlığına əsas yaradıb. İndi bununla bağlı İranla danışılar davam etdirilir və danışıqlara bir sıra dövlətlər qoşulub. İran beynəlxalq öhdəliklərə əməl etməzsə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiqi danışıqların nəticələrindən asılı olacaq”,- deyə o qeyd edib.