Accessibility links

Azərbaycan parlamenti Türkiyənin Ermənistanla sərhədi açmasının əleyhinədir



Milli Məclisdə Türkiyə Ermənistan sərhədinin açılması mümkünlüyü ilə bağlı müzakirələr keçirilib. Azərbaycan ictimaiyyəti və rəsmi Bakı sərhədlərin açılmasını yalnız işğal altında olan ərazilər boşaldıqdan sonra mümkün sayır. Türkiyədə isə sərhədlərin yaxın zamanda açılacağı ilə bağlı bəyanatlar səslənir. Bu bəyanatlar, öz növbəsində Azərbaycanda narahatlıq yaradır. Narahatlıqlar deputatların çıxışlarında da açıq hiss edilib.
Deputat Hadı Rəcəbli Türkiyə Ermənistan sərhədinin açılmasının əleyhinədir. O eyni zamanda bu etirazların Türkiyə Azərbaycan qardaşlığına xələl gətirməsini istəmir.
Deputat Gövhər Baxşəliyeva Türkiyədə istənilən iqtidarın sərhədləri aça bilməyəcəyinə əmindir. Onun fikrincə, hər hansı iqtidar Türkiyə vətənpərvərlərinin qarşısında tab gətirə bilməz.
Deputat İqbal Ağazadənin fikrincə, Azərbaycanın Türkiyədən yaxın müttəfiqi yoxdur. Bu ölkə həmişə tarixin ən çətin anlarında Azərbaycanın yanında olub. Deputat hesab edir ki, Türkiyənin deyil, İranın davranışını müzakirə etmək lazımdır. Belə ki, hətta İran mediası Azərbaycan-Türkiyə münasibətlərinə istehza ilə yanaşır.
Müxalifətdə olan “Müsavat” Partiyası adından çıxış edən deputat İkram İsrafil sərhədlərin açılmasının Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcəyini önə çəkib. Eyni zamanda, o, Azərbaycan hakimiyyətini iki qardaş dövlət arasında münasibətləri korlaya biləcək addımlar atmamağa çağırıb.
İqtidarda olan YAP sədrinin birinci müavini Əli Əhmədov Türkiyə cəmiyyəti və dövlətinin Azərbaycanla bir olduğunu bildirib. Onun fikrincə, Türkiyə rəsmilərinin Ermənistanla sərhədi münaqişə başa çatanadək açmayacağı barədə bəyanatları qüvvədədir.
Deputat Cəmil Həsənli hesab edir ki, Azərbaycanda iqtidarın göstərişi ilə Türkiyə əleyhinə kampaniya aparılır və buna son qoyulmalıdır. Deputatın fikrincə, Türkiyə həmişə Azərbaycanla bir olub və bundan sonra da belə olacaq.
Milli Məclisin sədri Oqtay Əsədov cənab Həsənlinin bəyanatına reaksiya verib. O bildirib ki, Azərbaycan Türkiyə münasibətləri qardaşlıq səviyyəsində qalacaq,
parlament yalnız Ermənistan və Türkiyə arasında sərhədlərin açılması mümkünlüyünə münasibət bildirir.

XS
SM
MD
LG